SÖZÜN MƏSULİYYƏTİ VƏ QƏRƏZİN SƏRHƏDİ

Bu günlərdə yazıçı-jurnalist İradə Aytelin “Qondarma imza və həqiqi dəyərlər” başlıqlı məqaləsini oxudum. Məqalə Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri – Xalq yazıçısı Anara qarşı yönəlmiş əsassız ittihamlar və imzasız, məsuliyyətsiz yazılar fonunda qələmə alınmışdı. Müəllif haqlı olaraq diqqəti bir məqama yönəldirdi: sözün çəkisi azaldıqca, imzasızlıq və məsuliyyətsizlik artır, həqiqi dəyərlər isə kölgədə qalır.

Təəssüf ki, bu gün belə hallarla tez-tez qarşılaşırıq. Xüsusilə də ictimai mövqeyi olan, illərlə zəhmət çəkərək müəyyən zirvəyə yüksəlmiş insanlara qarşı yönələn qərəzli yanaşmalar yeni deyil. Sosial şəbəkələrin və müxtəlif platformaların geniş yayılması bir tərəfdən söz azadlığına imkan yaratsa da, digər tərəfdən məsuliyyətsiz, əsassız ittihamların da sürətlə yayılmasına şərait yaradır. Kimliyi bəlli olmayan, qondarma imza arxasında gizlənən şəxslərin yazdıqları isə nə tənqid sayıla bilər, nə də obyektiv fikir.

Anar kimi şəxsiyyətlər isə təkcə bir yazıçı deyil, bütöv bir ədəbi mühitin formalaşmasında rol oynamış simalardır. Onun yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli düşüncənin, mədəni yaddaşın qorunmasındakı xidmətləri danılmazdır. Belə bir insan haqqında səthi, əsassız və qərəzli fikirlər səsləndirmək, əslində, təkcə bir fərdi deyil, bütövlükdə milli ədəbi irsi hədəfə almaq deməkdir.

Tənqid əlbəttə vacibdir. Sağlam ədəbi mühit tənqidsiz inkişaf edə bilməz. Lakin tənqid adı altında böhtan atmaq, şəxsi qərəzi ümumi fikir kimi təqdim etmək nə ədəbiyyata, nə də cəmiyyətə xidmət edir. Əksinə, bu cür yanaşmalar cəmiyyətin zövqünü korlayır, oxucunu çaşdırır və həqiqi dəyərlərin qiymətdən düşməsinə səbəb olur.

Bu baxımdan İradə Aytelin qaldırdığı məsələ olduqca aktualdır. Qondarma imza ilə yazılan hər bir yazı əslində müəllifinin özünə verdiyi qiymətdir. Çünki sözə imza atmaq cəsarət tələb edir, məsuliyyət tələb edir. Həqiqi dəyərlər isə məhz bu cəsarət və məsuliyyət üzərində qurulur.

Bizim borcumuz isə belə məqamlarda susmamaq, həqiqəti müdafiə etməkdir. Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə qarşı yönəlmiş əsassız ittihamlar qarşısında laqeyd qalmaq, dolayısı ilə həmin haqsızlıqlara şərik olmaq deməkdir. Hər kəs öz mövqeyini bildirərkən obyektivliyə, ədalətə və ən əsası vicdana söykənməlidir.

Anar mənim üçün kimdir?

Xalq yazıçısı Anar mənim üçün təkcə bir ədəbiyyat adamı deyil, həm də milli mövqeyi, vətəndaş cəsarəti və mənəvi duruşu ilə seçilən bir ziyalı obrazıdır. O, sözün məsuliyyətini dərk edən, ədəbiyyatı xalqın yaddaşı və vicdanı kimi qəbul edən nadir şəxsiyyətlərdəndir.

1990-cı ilin qanlı Yanvar hadisələri Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Həmin dövrdə SSRİ Ali Sovetində xalq deputatı kimi çıxış edən Anarın sərgilədiyi mövqe onun təkcə yazıçı deyil, həm də prinsipial və cəsarətli vətəndaş olduğunu açıq şəkildə göstərdi. Mixail Qorbaçovun etirazına baxmayaraq, 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına nail olması böyük mənəvi qələbə idi. Bu addım, əslində, susdurulmaq istənilən bir xalqın səsinin dünyaya çatdırılması idi.

Anar sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi qırğınların insanlığa zidd olduğunu SSRİ rəhbərliyinin üzünə cəsarətlə demişdir. Bu mövqe, onun təkcə yazıçı deyil, həm də prinsipial vətəndaş kimi tarix qarşısında məsuliyyətini dərk etdiyini göstərən mühüm faktlardan biridir.

Yazıçı Anarın respublikanın müstəqilliyinin qazanılmasındakı rolu da danılmazdır. O, ölkənin taleyinin həll olunduğu mürəkkəb və həssas bir dövrdə milli maraqları müdafiə edən ziyalılardan biri kimi ön sıralarda yer alırdı. Xüsusilə qeyd etmək lazımdır ki, 1991-ci ildə yaradılmış Azərbaycan Respublikası Milli Şurasının ilk iclasını məhz Anar aparmışdır. Bu fakt onun dövlətçilik ənənələrinin formalaşmasında və siyasi proseslərin istiqamətlənməsində nə qədər mühüm rol oynadığını aydın şəkildə nümayiş etdirir.

Mənim üçün Anar — sözün məsuliyyətini daşıyan yazıçı, milli yaddaşı qoruyan ziyalı və ən əsası, çətin məqamlarda susmayan bir vətəndaşdır.

Anar mənim üçün həm də Azərbaycan ədəbiyyatının canlı yaddaşıdır. Onun əsərlərində insanın daxili dünyası, zamanın ziddiyyətləri, cəmiyyətin mənəvi axtarışları incə və dərin şəkildə əks olunur. Ədəbiyyatdakı rolu baxımından Anarın yalnız bir əsəri — “Dədə Qorqud”la bağlı gördüyü iş belə, onun haqqında səsləndirilən mənfi və qərəzli fikirlərə haqq qazandıra bilməz. Əksinə, bu cür yanaşmalar daha çox subyektiv münasibətin və qərəzin göstəricisi kimi dəyərləndirilir.

Demokratik mühitdə istənilən şəxs tənqid oluna bilər. Bu, təbii və normal prosesdir. Lakin mən hesab edirəm ki, Anarı tənqid etmək üçün ilk növbədə onun ədəbiyyat və ictimai fikir tarixindəki çəkisini, gördüyü işlərin miqyasını obyektiv şəkildə dərk etmək lazımdır. Bu səviyyəyə yaxın olmayan yanaşmalar isə daha çox emosional və qeyri-peşəkar mülahizələr təsiri bağışlayır.

Yuxarıda qeyd etdiyim kimi, Anar müasir türk dünyasının tanınmış yazıçılarından biri, eyni zamanda ictimai-siyasi proseslərdə fəal iştirak etmiş bir ziyalıdır. Onun yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbi və mədəni mühitində xüsusi yer tutur.

Məqalədə adı çəkilən, haqsız ittihamlara məruz qalmış, AYB sədrinin müşaviri Rauf Aslanovu da yaxından tanıdığım üçün qeyd etmək istəyirəm ki, onun haqqında səsləndirilən böhtan xarakterli iddialar qəbulolunmazdır. Mən Rauf Aslanovu Anarın təmiz və vicdanlı silahdaşı kimi tanıyıram və bu fikrim şəxsi müşahidələrimə əsaslanır.

Azərbaycan Yazıçılar Birliyinə heç bir aidiyyəti olmayan, lakin ölkədə baş verən prosesləri yaxından izləyən bir vətəndaş kimi hesab edirəm ki, ictimai fikir mühitində yayılan əsassız ittihamlar və qərəzli yanaşmalar diqqətdən kənarda qalmamalıdır. Bu cür halların araşdırılması və ictimai şəxslərə, xüsusilə də Azərbaycan ziyalılarına qarşı yönələn böhtan xarakterli iddiaların qarşısının alınması mühüm əhəmiyyət daşıyır.

Ümid edirəm ki, müvafiq hüquq-mühafizə orqanları da belə məsələlərə həssas yanaşacaq, ictimai ədalətin və söz mədəniyyətinin qorunması istiqamətində zəruri addımlar atılacaqdır. Bu, həm də cəmiyyətdə məsuliyyətli söz mədəniyyətinin formalaşmasına xidmət edər.Unutmaq olmaz ki, zaman hər şeyi öz yerinə qoyur. Qondarma imzalar və əsassız iddialar itib gedir, lakin həqiqi dəyərlər qalır və yaşayır.

Kultur.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər