DGKA-da nanotexnologiyalar mövzusunda master-klass keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Azərbaycan neft sənayesində innovativ texnologiyalar silsiləsindən: Nanotexnologiyalar” mövzusunda master-klass təşkil olunub. Akademiya rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirak ilə keçirilən master-klass elm və nanotexnologiya sahəsində YUNESKO mükafatı laureatı, YUNESKO ensiklopediyasının həmmüəllifi, texnika elmləri doktoru, professor, görkəmli alim Eldar Şahbazov tərəfindən keçirilib.
Tədbiri giriş nitqi ilə açan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ölkədə elmi-texnoloji inkişafın, xüsusilə də neft sənayesində innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd edib.
Daha sonra Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü və Rusiya Təbii Elmlər Akademiyasının üzvü, bu sahədəki 14 patentin, həmçinin ABŞ, Avropa və MDB ölkələrində dərc olunmuş 185-dən çox elmi əsərin müəllifi Eldar Şahbazov nanotexnologiyaların neft sənayesində tətbiqi, bu sahədə müasir elmi yanaşmalar və perspektiv inkişaf istiqamətləri barədə ətraflı məlumat verib, həmçinin öz elmi-tədqiqat fəaliyyətinin nəticələrini iştirakçılarla bölüşüb.
Tədbir çərçivəsində mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda isə müəllif tərəfindən “Neft hasilatında mürəkkəbləşmələrə qarşı yaşıl enerji və nanotexnologiyalar” adlı kitab Akademiyanın kitabxanasına hədiyyə olunub.
![]()
![]()
![]()
![]()
