"Digər ciddi problem mərkəzləşmiş idarəetmədir"
Regionların sosial-iqtisadi inkişafı adətən dövlət proqramları, infrastruktur layihələri, investisiya təşviqləri və yerli resursların səfərbər olunması vasitəsilə həyata keçirilir. Məqsəd bölgələr arasında inkişaf fərqini azaltmaq, məşğulluğu artırmaq, iqtisadi fəaliyyəti paytaxtdan kənara yaymaq və insanların yaşayış səviyyəsini yüksəltməkdir. Normalda bu proses kompleks yanaşma tələb edir: yollar, kommunikasiya, təhsil və səhiyyə ilə yanaşı, real sektorun – kənd təsərrüfatı, sənaye və xidmətlərin paralel inkişafı təmin olunmalıdır.
Bunu Avrasiya.net-ə Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.
O, qeyd edib ki, amma praktikada bu proses çox vaxt düzgün qurulmur və nəticələr gözlənilən səviyyədə olmur. Əsas problemlərdən biri odur ki, layihələr real iqtisadi ehtiyaclara deyil, daha çox formal göstəricilərə və qısamüddətli effektə hesablanır. Bölgələrdə bəzən istifadəsiz qalan obyektlər tikilir, amma həmin obyektləri işlədəcək biznes mühiti və ya kadr potensialı formalaşdırılmır. Yəni infrastruktur yaradılır, amma iqtisadi məzmun zəif qalır:
"Digər ciddi problem mərkəzləşmiş idarəetmədir. Qərarlar çox vaxt yerli şərait nəzərə alınmadan qəbul olunur, regionların spesifik xüsusiyyətləri və potensialı düzgün qiymətləndirilmir. Nəticədə eyni tip layihələr müxtəlif bölgələrdə tətbiq olunur, halbuki hər regionun fərqli inkişaf modeli olmalıdır. Bu isə resursların səmərəsiz istifadəsinə gətirib çıxarır.
Şəffaflıq və hesabatlılıq da zəif tərəflərdəndir. Ayrılan vəsaitlərin necə xərcləndiyi, layihələrin real effektivliyi barədə ictimai nəzarət kifayət qədər olmur. Bu isə həm korrupsiya risklərini artırır, həm də nəticələrin keyfiyyətini aşağı salır. Üstəlik, sahibkarlığın inkişafı üçün yaradılan şərait çox vaxt formal xarakter daşıyır, real rəqabət mühiti və maliyyəyə çıxış imkanları məhdud qalır.
Nəticədə regionların inkişafı kağız üzərində daha sürətli görünür, amma real iqtisadi canlanma zəif olur. Əgər proses yerli ehtiyaclara əsaslanmasa, özəl sektor aktiv şəkildə cəlb olunmasa və nəticəyə yönəlik idarəetmə qurulmasa, bu cür proqramlar uzunmüddətli və davamlı effekt vermir".
