Azərbaycan-Gürcüstan münasibətlərinin davamlı inkişafı region üçün mühüm əhəmiyyət kəsb edir
Tarixi qonşuluq və dostluq əlaqələrinə malik olan Azərbaycanla Gürcüstan ötən əsrin sonlarında dövlət müstəqilliklərini bərpa etdikdən sonra da bu dostluq münasibətlərini davam etdirmiş və hazırda iki dövlət arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 90-cı illərin əvvəlləri başlamış və bu əlaqələrin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Dövlət müstəqilliklərini bərpa etmiş Azərbaycan və Gürcüstan arasında sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır. Sevindirici haldır ki, iki dövlət arasında mövcud olan diplomatik münasibətlər 30 ildən artıqdır ki, yüksələn xətlə inkişaf edir. Xüsusilə, uğurla reallaşdırılan beynəlxalq layihələr əməkdaşlığımızın inkişafına stimul verir. Qeyd etməliyik ki, Azərbaycan-Gürcüstan münasibətlərinin davamlı inkişafı region üçün mühüm əhəmiyyət kəsb edir. Məhz iki dövlətin birgə həyata keçirdiyi layihələr eyni zamanda bölgə üçün olduqca tarixi əhəmiyyətə malikdir.
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri olduqca əhəmiyyətlidir və ölkələrimiz arasında güclü strateji və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verir. Bu baxımdan cari ilin 06 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana rəsmi səfəri xalqlarımız arasındakı dostluq və qardaşlığın təzahürü olmaqla yanaşı, iki dövlət arasında münasibətlərin dərinləşməsinə imkan yaradır. Səfər çərçivəsində dövlətimizin başçısı ilk öncə Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili ilə görüşü keçirilmiş, daha sonra isə Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze ilə təkbətək və ikitərəfli görüş baş tutmuşdur. eyni zamanda regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilmişdir.
Daha sonra isə hər iki hökumət başçısı mətbuata bəyanatlarla çıxış edərək mühüm mesajlar vermişdir. Çıxışlarda dostluq və qardaşlığa söykənən Azərbaycan-Gürcüstan münasibətlərinin milli maraqlara əsaslandığı vurğulamış və bu münasibətlərin inkişafından məmnunluq ifadə edilmişdir. Möhtərəm cənab Prezident çıxışında xüsusi olaraq qeyd etmişdir ki, “ Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. ”
Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulan əməkdaşlıq xalqlarımız və ölkələrimizlə yanaşı bütünlüklə regiona, o cümlədən Avropaya böyük fayda gətirir. Son illərdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu istiqamətdə isə qonşu Gürcüstan Respublikası enerji resurslarımızın dünya bazarlarına çıxarılmasında əsas tranzit ölkə rolunu oynayır. Məhz bütün bunları nəzərə aldıqda Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq hər iki ölkə ilə yanaşı, ümumilikdə Avropa və dünya üçün böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, həyata keçirilən bütün bu layihələr iki dost və qonşu ölkənin qarşılqlı inam və etimadı nəticəsində reallığa çevrilmişdir.
Azərbaycanla Gürcüstan strateji müttəfiq kimi dünyada sülh və sabitliyi dəstəkləyən ölkələrdir. Hazırda iki dövlət tərəfindən bölgədə davamlı sülhün və təhlükəsizliyin təmini, mehriban qonşuluq əlaqələrinin inkişafı üçün lazım olan addımlar atılmaqdadır. İnanırıq ki, iki ölkə arasındakı mövcud olan çoxəsrlik tarixə malik əlaqələrin yeni mərhələyə qədəm qoyması nəticəsində dövlətlərimiz və xalqlarımız arasındakı hərtərəfli əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
