Bizim Zeynal bəy...
Zeynal Fətullayev- 70
Doğrudur, Lerik rayonu ərazisinə görə Yardımlıdan bir qədər böyük və əhalisi isə bir qədər çoxdur. Məsələn, Lerikin ərazisi 1084 kvadratkilometrdirsə, Yardımlı rayonunun ərazisi 667 kvadratkilometrdir. Amma uzun illər Lerikin Yardımlı ilə sərhəddə yerləşən kəndlərinin əhalisinin güzəranı Yardımlı ilə bağlı olub. Hətta həmin kəndlərdən olan uşaqlar orta təhsilə Yardımlı məktəblərində yiyələniblər. Belə kəndlərdən biri də Lerikin Gendov kəndidir. Bu gün sizə həmin kəndin yetirməsi olan bir ləyaqətli insan haqqında söhbət açmaq istəyirəm. Adı Zeynal, soyadı isə Fətullayevdir. O, 1956-cı ilin aprel ayının 7-də Gendovda- Allahverdi kişinin ailəsində dünyaya gəlib...
Deyir ki:- “Doğulduğum kəndi və ümumiyyətlə, o el-obanı çox sevirəm. Hər dəfə kəndə yolum düşəndə, elə bilirəm ki 70 yaşda yox, 7 yaşdayam. Özümü hələ də həmin el-obanın uşağı hesab edirəm. Həyatım elə də rahat olmayıb. Anam tez rəhmətə getdiyindən, necə deyərlər, nənəmin dizi üstə böyümüşəm. Nənəm Quran oxuyardı və o, daim mənə düzgün həyat yolu göstərərdi...”
Zeynal Fətullayev 1972-ci ildə Yardımlı şəhər M.F Axundov adına 1 nömrəli orta məktəbi bitirib. Məktəb illərində “Dünyanın Siyasi Xəritəsi” qarşısında dayanıb ayrı-ayrı rənglərdə olan dövlətlərə, okean və dənizlərə baxmağı çox sevərdi. Dünyanı görmək, ən böyük uşaqlıq arzularından biri olub. Elə bu səbəbdən də dənizçi peşəsini seçib və uzaq “Baltik Hərbi Donanmasında” xidmətə başlayıb. Leninqrad vilayətinin Kronştdat şəhərində hərbi dənizçilik məktəbini bitirdikdən sonra, hərbi gəmidə radiotexnika qurğuları (radar, hidroakustika kompleksləri və texniki tanınma) üzrə mühəndis kimi hərbi xidmətini davam etdirib...
“Hərbi dənizçi peşəsi nə qədər mürəkkəb, təhlükəli və çətin olsa da, gəmi ilə dünya okeanlarını gəzmək, uzun müddət Afrika ölkələrində olmaq, ayrı-ayrı millətlərlə ünsiyyətə girmək çox maraqlı olub və yaddaşımda xeyli gözəl xatirələr kimi qalıb. Hələ üstəlik Afrka ölkələrinin birində olduğum vaxt portuqal dilini də öyrəndim. Bu gün dönüb arxaya baxanda fikirləşirəm, əgər dənizçi olmasaydım yaşadığım bu həyat yolu bundan maraqlı olardımı? İnanmıram...”- söyləyir.
...Azərbaycana çox bağlıdır. 1990-cı il, 20 yanvar hadisələrində qərara gəlib ki, vətənə qayıtsın və belə də edib...
Deyir ki:- “Yaxşı yadımdadır, o vaxtlar, xidmət etdiyim döyüş tapşırığı yerinə yetirən gəmidə hər şey ciddi nəzarətdə olduğuna baxmayaraq, gizlincə “Azadlıq” radiosuna qulaq asırdım və xaricdə olan azərbaycanlı hərbçilərə vətənə dömnəklə bağlı müraciətləri həmin radiodan mən də eşidirdim, qayıtmaya bilməzdim. Qayıtdım da... Peşiman deyiləm. Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin yaranmasında çox yaxından iştirak etdim və bununla fəxr edirəm...”
O, Azərbaycana qayıtdıqdan sonra Bakı Ali Hərbi Dənizçilik məktəbini də bitirib və hərbi peşəsi üzrə çoxlu sayda gənc dənizçilərin hazırlanmasında aktiv iştirak edib. Təqaüdə çıxdıqdan sonra, uzun müddət Beynəlxalq təşkilatlarda işləyib və dövlətçiliyimizə, xalqımıza xidmət edən bir sıra layihələrin həyata keçirilməsinin iştirakçısı olub. Vətəndaş Həmrəyliyi Partiyasının qurucu üzvlərindən və ilk təşəbbüsçülərindən biridir. 1992-ci ildə VHP-nin Səbail rayon təşkilatının ilk sədri olub. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatında ekspert kimi fəaliyyət göstərib. VHP Ali Məclisinə müxtəlif dövrlərdə üzv seçilib. 2021-ci ildən isə VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədridir...
“Ölkədə və dünyada baş verən hadisələrə laqeyd qala bilmirəm. Odur ki, xeyli müddətdir Vətəndaş Həmrəyli Partiyasına (VHP) üzv olmuşam. Dünyada və ölkədə baş verən hadisələrlə bağlı fikirlərimi, mövqeyimi VHP sıralarında və fəaliyyəti daxilində aktiv, azad formada bildirirəm və bununla da daxilimdə rahatlıq hissi yaşayıram.”- söyləyir.
Azərbaycanın böyük oğlu, xalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı onu belə xarakterizə edir: “Zeynal Fətullayev uzun müddətdir ki, VHP-nin ən fədakar üzvlərindən biridir. Bu gün ona partiyada mühüm işlərdən biri- Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsi ona həvalə edilib və bu təsadüfi deyil- Zeynal bəy doğrudan da hər şeyə hüquqi cəhətdən yanaşan, nizam-intizamı sevən, hər kəlməsinin yerini, qədrini bilən, etibarlı, ədalətli insanlardan biridir. Ona görə də partiya üzvlərimizin arasında onun çox böyük hörməti var və mən də onun xətrini çox istəyirəm. Bu istək təkcə partiyadaş olmağımızdan irəli gəlmir, həm də onun insani keyfiyyətlərindən qaynaqlanır. Təkcə ölkədə gedən prosesləri deyil, ümumiyyətlə dünyada gedən prosesləri dərindən izləyir və ədalətli, aydın, siyasi cəhətdən yetgin mühakimə yürüdə bilir. Gurultulu danışmaq xarakterinə yad olsa da, amma hər sözünün xüsusi çəkisi olan adamdır. Ağlıma gəlməzdi ki, Zeynal bəyin 70 yaşı tamam olur, onu çox cavan bilirdim. İnanıram ki, hələ uzun illər eyni partiyada Azərbaycanın tərəqqisi uğrunda birlikdə olacağıq. Zeynal bəyə möhkəm can sağlığı, uzun ömür, firəvan həyat arzulayıram...”
...Bəli, Lerik rayonu ərazisinə görə Yardımlıdan bir qədər böyük və əhalisi isə, bir qədər çoxdur. Məsələn, Lerikin ərazisi 1084 kvadratkilometrdirsə, Yardımlı rayonunun ərazisi 667 kvadratkilometrdir. Amma uzun illər Lerikin Yardımlı ilə sərhəddə yerləşən kəndlərinin əhalisinin güzəranı Yardımlı ilə bağlı olub. Hətta həmin kəndlərdən olan uşaqlar orta təhsilə Yardımlı məktəblərində yiyələniblər. Bu isə, onların gələcək həyatında önəmli rol oynayıb. Haqqında sevə-sevə söhbət açdığım Zeynal Fətullayevin həyatında olduğu kimi. Aprelin 7-si Zeynal bəyin 70 yaşı tamam olur. 70 rəqəmi mələklərin numerologiya sistemində mənəviyyat, müdriklik, təhlil, sonsuzluq, potensial və ilahi enerji kimi qabiliyyətləri özündə ehtiva edir. Bu rəqəm, həm də daxili axtarış, elmi araşdırma və mənəvi inkişafın, sıfırın gücləndirici təsiri ilə daha geniş miqyasda təzahürünü simvolizə edir. Zeynal bəyi ürəkdən təbrik edirəm!..
Hörmətlə, Elman Eldaroğlu
