Saleh Məmmədovun komandası yoxlanılır - Həbslər gözlənilir
Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər.
Modern.az-a bildirilib ki, təftiş prosesi yeni başlamayıb, əksinə, uzun müddətdir aparılan araşdırmaların nəticəsi kimi indiki mərhələyə keçilib. Bu isə məsələnin çox ciddi olduğunu göstərir.
İddialara əsasən, yoxlamalar zamanı iri həcmli yeyinti faktları aşkarlanıb. Söhbət təkcə bir və ya iki layihədən getmir. Rayonlar üzrə yol tikintisinə rəhbərlik edən şəxslərin fəaliyyəti də ayrıca araşdırılır. Mərkəzi Aparatla yanaşı, yerli strukturların da təftişə cəlb edilməsi prosesin hansı miqyasda olduğunu göstərir.
Mənbə bildirir ki, bəzi bölgələrdə həyata keçirilmiş yol layihələri ilə bağlı sənədlərdəkilərlə real vəziyyət arasında ciddi uyğunsuzluqlar var. Xüsusilə kənd yollarına ayrılan vəsaitlərin xərclənməsi diqqət mərkəzindədir.
Ən çox müzakirə doğuran məsələlərdən biri də təmir edilmiş yolların en və qalınlıq göstəriciləri ilə bağlıdır. İddialara görə, bir sıra hallarda yolların eni faktiki olaraq azaldılıb. Halbuki təmirdən əvvəl həmin yolların daha enli olduğu yerli sakinlər tərəfindən də təsdiqlənir. Sənədlərdə isə en göstəricilərinin əvvəlki kimi saxlanıldığı qeyd olunur. Bu isə kağız üzərində hər şeyin qaydasında, reallıqda isə fərqli mənzərənin olduğunu deməyə əsas verir. Eyni iddialar asfalt örtüyünün qalınlığı ilə bağlı da səsləndirilir.
Mütəxəssislər bildirirlər ki, yol tikintisində hər santimetr en və hər millimetr qalınlıq ciddi maliyyə göstəricisidir. Əgər layihədə nəzərdə tutulan parametrlər azaldılıbsa, bu, yüz milyonlarla manat vəsait fərqi yarada bilər. Bu fərqin isə hara yönləndirildiyi əsas sualdır. İddialara görə, məhz bu istiqamətdə aparılan maliyyə təhlilləri ciddi yeyinti mexanizmlərini üzə çıxarıb. Qeyd olunur ki, bəzi podrat müqavilələri də yenidən araşdırılır. Tender prosedurlarının şəffaflığı da sual altındadır.
