"Talibanın ABŞ-la birbaşa müharibəyə girməsi çox risklidir"
Talibanın bəyanatı daha çox siyasi xarakter daşıyır və bəyanatda da deyildiyi kimi, bu avtomatik olaraq ABŞ-a qarşı müharibə olacağı təqdirdə, həmən müharibəyə qoşulmaq anlamı daşımır. Amma, İranın müraciəti əsasında Taliban bu müraciəti dəyərləndirə bilər, kimi bir sətiraltı şərt qoyur.
Bunu Avrasiya.net-ə politoloq Çingiz Şahbazi deyib.
Xatırladaq ki,Talibanın sözçüsü Zəbiullah Mücahid məlumat yayıb ki,
ABŞ İrana hücum edəcəyi təqdirdə Taliban Tehrana yardım və dəstək göstərməyə hazırdır.
Politoloq deyib ki, Taliban hökuməti əslində beynəlxalq aləmdə rəsmi olaraq tanınmayıb. Yəni de-yure Taliban hökuməti BMT-də tanınmasa da, de-fakto Əfqanıstan dövlətində hakimiyyəti onlar idarə edirlər. ABŞ isə 2021-ci ildə Əfqanıstanı tərk edib və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması nəticəsində Talibanın İrana açıq şəkildə dəstək verecəyi təqdirdə , əlbəttə ki, bunlar hərbi və logistik yardımlar ola bilər, ABŞ-ın belə bir vəziyyətdə mümkün cavabı gecikməyəcək, düşüncəsindəyəm və ABŞ Taliban rəhbərliyinə qarşı daha sərt mövqe nümayiş etdirərək əlavə maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər:
"Əlbəttə ki, Taliban, ABŞ maraqlarına hər hansı bir təhlükə yaradarsa, bu onların özləri üçün çox təhlükəli addım ola bilər və ABŞ-ın həmçinin Əfqanıstanı bombalamaq ehtimalı yarana bilər. Doğrudur, bu zəif ehtimalıdır, amma, belə bir vəziyyət əvvəllər Əl-Qaidəyə və onun liderlərinə qarşı ABŞ tərəfindən tətbiq olunub. Əlbəttə ki ABŞ-ın bölgədə müttəfiqləri mövcuddur və Pakistan və yaxud da Körfəz ölkələri vasitəsilə Talibana təzyiq mexanizmi tətbiq edəcəyi daha çox ehtimal olunur.
Əgər Taliban ABŞ qüvvələrinə qarşı birbaşa hücum edərsə, yəni söhbət aktiv hərbi qarşıdurmadan gedir, əslində ABŞ-ın yenidən Əfqanıstan müharibəsinə qayıtmaq fikri yoxdur, o zaman ABŞ Əfqanıstanda olan Taliban qüvvələrinə qarşı uzaqdan zərbələr endirmə kimi əməliyatlara başlaya bilər. Taliban sözçüsünün bəyanatında yer alan İrana dəstək, əslində, regional İslam həmrəyliyi ritorikası olaraq qəbul edilə bilər.
Burada həmçinin ABŞ-ı ittiham etmək kimi bir niyyətin olması da gözdən qaçmır və bu səbəbdən regional platformalara, siyasi mövqe olaraq mesaj göndərmək təşəbbüsündən çıxış edir. Doğrudur, Taliban hökumətinin ABŞ-la birbaşa müharibəyə girməsi çox risklidir və Əfqanıstan iqtisadi və hərbi baxımdan belə bir qarşıdurmaya hazır deyil. Amma, Taliban birbaşa ordu göndərməsə də, ideoloji çağrışlarla fərdi döyüşçülərin İrana dəstək üçün getməsinə göz yuma bilər. İrana kəşfiyyat məlumatları ötürə bilər. Logistik dəstək verə bilər və sairə. Bütün bunlar müharibənin genişmiqyaslı olması üçün əlavə zəmin yaradır və hesab etmək olar ki, ABŞ bu kimi məsələlərdən dolayı ehtiyatlı davranmağa üstünlük verəcək".
