Ukraynada 800 diversant saxlanıldıMüharibə başlayandan bəri Rusiyanın 88 təxribat və kəşfiyyat qrupu aşkar edilib. Ümumilikdə isə 800-ə yaxın diversant saxlanılıb.

Bunu Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.

“Rus agentləri hələ də partizan müharibəsi aparır, məlumat toplayır. Onlar dayanmır. Biz bir sıra regionlar üzərində işləyirik. Rusiyayönlü hərəkatları və qrupları axtarırıq. Odessa vilayətində axtarışlar nəticəsində böyük silah arsenalları və hətta təxribat və kəşfiyyat fəaliyyətləri üçün təlimatlar aşkar edilib. Digər bölgələrdə də belə qrupların olub-olmadığını öyrənəcəyik”, - o bildirib.
Daha bir Azərbaycan əsilli boksçu Ermənistanda Avropa çempionu olubDaha bir Azərbaycan əsilli boksçu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının qalibi olub.

Avrasiya.net-in xəbərinə görə, 67 kq çəki dərəcəsində çıxış edən, Serbiyanı təmsil edən, Rusiya azərbaycanlısı olan Vahid Abbasov finalda Gürcüstan boksçusu Laşa Quruliyə qalib gələrək ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Xatırladaq ki, daha əvvəl Gürcüstan azərbaycanlısı Sahil Alaxverdovi (Allahverdiyev) 48 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Erqyunal Sebahtinə qalib gələrək ilk dəfə Avropa çempionluğunu əldə etmişdi.

Yarışın nəticəsinə əsasən qonşu Gürcüstan üç qızıl və bir gümüş medalla birinci olub. Serbiya iki qızılla ikinci, İspaniya bir qızıl, üç gümüş və bir bürünc medalla üçüncü yeri tutub.
Tələbə qız itkin düşdü, anası axtarırAzərbaycanda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, 16 yaşlı Məmmədova Sarat Ruslan qızı mayın 28-i kirayədə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bununla bağlı yeniyetmənin anası M.Məmmədova polisə məlumat verib.

S.Məmmədovanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Qeyd edək ki, Sarat Məmmədova Bakı Sənaye-Pedaqoji Kollecinin 1-ci kurs tələbəsidir.
Xarici diplomatlar Kəlbəcərə getdilərAzərbaycanda fəaliyyət göstərən xarici ölkə diplomatlarının Kəlbəcərə səfəri başlayıb.

Avrasiya.net xəbər verir ki, səfərdə 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri “ Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyasını ziyarət edəcəklər.

Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcərdə törətdiyi vəhşiliklərlə və cinayət izləri ilə tanış etməkdir.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da Kəlbəcərə səfər edənlər arasındadır.
Usta 5-ci mərtəbədən yıxılıb öldüMayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bu dələduzu DTX həbs etdiSosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı İnstaqram səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin Vatsap tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı DTX-nin rəsmi saytı yayıb.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu İnstaqram sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində Vatsap yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan İnstaqram səhifəsinə göndərib, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.

Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda araşdırmalar davam etdirilir.
DİM abituriyentlərə müraciət etdiAli təhsil müəssisələrinə, 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər buradan qeydiyyatdan keçməlidirlər.

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər isə buradan qeydiyyatdan keçirlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9 və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.
NATO-nun 4 ölkəsi Putinin tərəfindədirNATO və AB-nin dörd ölkəsi Ukraynaya yardım göstərmə fəaliyyətini iflic edir.

Bunu ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski deyib.

O bildirib ki, Ukraynanın tərəfdarları və əleyhdarları artıq dönüş nöqtəsi gəldiyini, dünyanın taleyinin həll olunduğunu başa düşürlər:

“Ona görə də tamamilə yeni beynəlxalq strukturdan danışmağa başlayan Britaniya Baş naziri Boris Consonun reaksiyasını mükəmməl başa düşürəm. Bu, təbiidir. Dörd NATO ölkəsi - İtaliya, Fransa, Almaniya və Macarıstan - Putinin tərəfində oynayır. Beləliklə, onlar AB və NATO-nun Ukraynaya dəstək fəaliyyətini iflic edirlər”.
MAQATE İranın 40 kq-dan çox zənginləşdirilmiş uran topladığını öyrənibİran 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb və bununla da əvvəllər hazırlanmış ehtiyatlara təxminən 20 kq əlavə edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi MAQATE-nin rüblük hesabatına istinadən məlumat yayıb.

“İran heç bir məhdudiyyət olmadan 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb - son üç ayda 30% artım”, - hesabatda deyilir.

MAQATE ekspertləri bildirirlər ki, ölkə hakimiyyəti İranın bir sıra obyektlərində aşkar edilmiş uran izlərinin mənşəyinin araşdırılmasını əngəlləməkdə davam edir. MAQATE-nin rəhbəri Rafael Qrossi deyib ki İran texniki baxımdan etimad yaradacaq izahat verməyib.

Qərb mediası qeyd edib ki, hazırda ölkənin zənginləşdirilmiş uran ehtiyatları 2015-ci ildə müəyyən edilmiş limitdən 18 dəfə çoxdur. 15 may 2022-ci il tarixinə İranın sərəncamında 3,8 min kq-dan çox zənginləşdirilmiş uran var. Eyni zamanda, İran uranı ilkin razılaşmada nəzərdə tutulan 3,67%-lik həddi aşan səviyyəyə qədər zənginləşdirməyə davam edir.
Xaçmazda səkkiz nəfər iki qardaşı döyübXaçmaz rayonunda kütləvi dava olub

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhərinə yaxın, ət kombinatı adlanan ərazidə baş verib.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib.

Hadisə zamanı səkkiz nəfər birləşərək iki qardaşı - 1989-cu il təvəllüdlü Yaqubov Tural Yaşar oğlunu və onun qardaşı Yaqubov Anar Yaşar oğlunu döyüblər.

Xəsarət alan iki qardaş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.