İsrail səfiri: “Azərbaycan Qarabağla qürur duyur”“İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji Azərbaycan və İsrail arasında əməkdaşlığın sahələrindən biridir”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcərdə jurnalistlərə bildirib.

“Biz artıq əməkdaşlıq edirik və Azərbaycanın istədiyi istənilən sahədə təmsil olunmağa hazırıq”, - səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda sürətlə inkişaf edir, hər yerdə tikinti işləri aparılır, işğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa edilir.

"Azərbaycan Qarabağla qürur duyur”, - C.Dik bildirib.
İntihara cəhd edən jurnalist xəstəxanadan evə buraxıldı“Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb”.

Avrasiya.net-in məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu deyib.

“Qeyd edim ki, Nəsimi Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilmişdi. Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olmuşdur.

Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilmiş və artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilmişdir”, - E.Hidayətoğlu bildirib.

Xatırladaq ki, hadisə zamanı yaxınları Nəsimi Şərəfxanlının intihara cəhd etdiyini bildirmişdilər.
Onun özünəqəsd məqsədi ilə sirkə turşusu içdiyi qeyd olunmuşdu.

Ehtiyatda olan baş leytenant, Cumhuriyyet.az saytının rəhbəri N.Şərəfxanlı 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.

Jurnalist evlidir və iki oğlan övladı var.
Azərbaycanlı idmaçı Türkiyədə qətlə yetirilib28 yaşlı azərbaycanlı idmançı İlkin Eminov Türkiyədə qətlə yetirilib.

Modern.az Türkiyə məbuatına istinadən xəbər verir ki, hadisə mayın 27-də Çanaqalla bölgəsində baş verib.

Məlumata görə, süni örtüklü futbol meydançasında iki qrup arasında növbə üstündə mübahisə düşüb. Ardınca kafeyə gedən tərəflər orada dalaşmağa başlayıblar. Nəticədə İlkin Eminov bıçaqlanıb. Ağır halda xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə əlaqədar 3 nəfəri şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, azərbaycanlı idmaçı İlkin Eminov Çanaqqala bölgəsində yaşayıb və qaydasız döyüşlə məşğul olub.
İlham Əliyev Putinlə Qarabağı MÜZAKİRƏ ETDİRusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə Rusiya mətbuatı Kremlə istinadən məlumat yayıb.

Bildirilib ki, Prezidentlər telefon söhbəti zamanı Qarabağla bağlı sazişlərin icrasını, ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Kremldən bildirilib ki, Vladimir Putin və Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin yerinə yetirilməsi məsələsinə baxılıb, regionda sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi ilə bağlı konkret məsələlərin həlli diqqət mərkəzində olub”, - məlumatda qeyd olunub.

Bundan əlavə, dövlət başçıları müxtəlif səviyyələrdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.
Bayraqdardan “dron taksi” açıqlamasıİnşallah, üzərində çalışdığımız “Qızılalma” gələn il ilk uçuşunu həyata keçirəcək. TB3 də ilk uçuşunu bu ilin sonu, ya da gələn ilin əvvəlində edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar deyib.

O, uzun müddətdir “dron taksi” üzərində çalışdıqlarını, bunun üçün daha yüksək səviyyədə avtonom texnologiya inkişaf etdirmələri gərəkdiyini bildirib.

Onun sözlərinə görə, bu texnologiya şəhər nəqliyyatında inqilab edəcək.
Yaxın zamanlarda insanlarımızın öz dədə-baba yurduna qayıtması təmin ediləcək İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri davam edir. Və bütün bu işlər dövlət başçısının tam nəzarətindədir. Bu günlərdə may ayının 27-də Azərbaycanı Prezidenti cənab İlham Əliyev Mehriban xanım Əliyeva ilə birgə Qarabağ bölgəsinə, işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etmişdir. Səfəər zamanı cənab Prezident rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı yenə də bütün baş verən hadisələrə münasibət bildirmiş, bir sıra tarixi faktları xatırlatmış, mesajlar vermişdir.

Bildirilmişdir ki, 104 il bundan əvvəl Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq.
Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

Sonra 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.

Dövlət başçısı çıxışında əsil müstəqilliyin qorunub saxlanılması ilə əlaqədar bildirdi ki, 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır.

Pandemiya və dünyada baş verən hadisələr fonunda ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.Bu da ondan irəli gəlir ki, Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Əksinə biz artıq kredit verən dövlətə çevrilmişik.

Heç kəsə sirr deyil ki, bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Biz daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq.

Eləcə də Azərbaycanın hərbi gücü artır. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır.
Azərbaycanda təmin olunmuş sabitliyi, təhlükəsizliyi artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub.

- Ermənistanın acınacaqlı vəziyyəti isə göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz.

Onların xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik.

Bu gün artq gündəliyi Azərbaycan diktə edir. Çünki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür.

Hazırda sərhədlərin müəyyən olunması istiqamətində işlər davam etdirilir. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulacaq. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.

Cənab İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi nə bir daha toxunaraq bildirdi ki, bu müqavilə imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir.

Zəngəzur dəhlizinin açılmasına gəldikdə isə Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib.

Digər bir məsələ. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir.

Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı.

Artıq “Böyük qayıdış” prosesinə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Həmçinin bu ərazilərdə infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.

Ümumiyyətlə işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq işləri konsepsiyası əsil dövlət başçısının öz xalqına,. Öz vətəndaşına qayğının bariz nümunəsidir. Onsuz da öz dədə-baba torpaqlarından didərgin düşmüş insanlar 30 il məşəqqət içində yaşayıblar, əziyyət çəkiblər. O səbəbdən də İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək.

Dövlət başçısı çıxışı zamanı bir daha şəhidlərimizi xatırladı: Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.
Bir sözlə bərpa quruculuq işləri davam edir. Əlbəttə ki, insanlarımız həmin ərazilərə getməyi çox istəyirlər. Lakin məlum olduğu kimi, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar. O səbəbdən də o ərazilərdə hələ də təhlükə var. Minatəmizləmə işi hələ də davam edir. İnsanlar ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər.

Güntəkin Sabir qızı
“Bizim uşaqlarımızı onların ataları qorudu!”Dövlət Turizm Agentliyinin dəstəyi, Müdafiə Nazirliyinin və "Fire Land Production"ın təşkilatçılığı ilə məhz İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarmızın ailələrinə qayğıya həsr edilən “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində qarşıdan gələn 1 iyun uşaqların müdafiəsi günü münasibəti ilə bayram tədbiri keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, layihə bu dəfə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil olunub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirə gələn qonaqları qarşılayıb və şəhid ailələrinə dəstəyini ifadə edib. “Dövlət Turizm Agentliyi olaraq səlahiyyətimizdə olan imkanları şəhid ailələrinin üzünün gülməsi naminə istifadə etməyə hər zaman hazırıq.”

Tədbirin açılışı havaya sülh rəmzi olan göyərçinlərin buraxılması ilə başlayıb. Daha sonra nəhəng Azərbaycan və Türkiyə bayraqları açılaraq şəhid yaxınları və qonaqlarla bərabər dalğalandırılıb.

Tədbirin idarə olunması peşəkar televiziya aparıcısı Lalə Azərtaşa həvalə edilib. Qonaqlar arasında onun türkiyəli həmkarı, Vətən müharibəsi zamanı reportajlarını xüsusi həssaslıqla təqdim edərək Azərbaycan xalqının da rəğbətini qazanmış Fulya Öztürk də olub. Dövlət rəsmilərinin, şəhid yaxınları və uşaqların, ictimai xadimlərin, mədəniyyət sahəsinin tanınmış simaların dəvət olunduğu bayramda rəqs və musiqi nömrələri ilə yanaşı şəhidlərin adından övladlara müraciət formasında hazırlanmış “Atadan məktub” adlı video çarxın təqdim edilib. Şəhidlərin adından səsləndirilən məktub təsirli anlara səbəb olub.

Rəsmi şəxslərdən Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri iş üzrə Zümrüd Səmədzadə, Mədəni kütləvi şöbənin rəis müavini Namiq Cavadov, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovnik leytenantı Hafiz Temirov, Yasamal Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İkiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu Eduard Məmmədov, xalq rəssamı Əşrəf Heybətov iştirak edib, bu günlə bağlı öz fikirlərini bölüşüblər.

Qələbədən bizə əmanət olan şəhid uşaqlarının milli ruhunu daha da yüksəldən Vətənpərvərlik mövzusu tədbirin əsas xəttini təşkil edib. Musiqili qonaq kimi muğam ifaçısı Təyyar Bayramovun oğlu Kənan Bayramov uşaqlar adından Vətənə sevgini ifadə edən “Bayatı-şirazı” səsləndirib. Əminə Musayevanın rəhbərlik etdiyi2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” uşaq teatrının üzvlərinin ifasında “Xarı bülübül”, “Azərbaycan suitası” adlı rəqslər, eləcə də “Natavan” miniatürası təqdim olunub. Sevilən ulduz Natavan Həbibi qonaqlara öz lirik mahnılarını təqdim edib. Müğənni Zabitə Səmədova hər zamankı dəstəyini ifası ilə göstərib. Tədbir “Fireland” productionun layihəsi olan, xalqımızın mübarizə ruhunu ifadə edən və bu əhvala kökləyən “Zəfər marşı” ilə açılmışdı və eyni adlı mahnı ilə də bitib.

Tədbirin təşklatçısı, “Fireland production”un rəhbəri olan Cəlal Qurbanov 1 iyun Uşaqların müdafisəi günü ilə bağlı keçirilən bayram haqda fikirlərini belə ifadə edi: “Heç bir bayramı onlarsız təsəvvür etmirəm. Onlar uşaqlıqlarını tam yaşaya bilməyən ürəyi yaralı balalardır. Biz onlara az da olsa ata yoxluğunu hiss etdirməməyə çalışırıq.

Təbii ki, qəhrəmanların yerini nə ailələrində, nə də Vətən tarixində heç kim əvəz edə bilməz. Amma bu xalis, əsgər ruhlu gendən olan uşaqlara hər zaman ümid olacaq. Bu uşaqlar gələcəkdə ola biləcək bütün uğurlara, qələbələrə öz imzalarını atacaqlar, soyadlarını yazacaqlar. Çünki, onlar qəhrəman övladlarıdır. Bizim uşaqlarımızı onların ataları qorudular. Şəhid oldular. Artıq onlara bir can borcumuz var”.
Türkiyə Almaniya və Fransaya nota verdiTürkiyə Almaniya və Fransaya nota verib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində deyib.

“Son günlərdə PKK simvollarının əks olunduğu əski parçaları ilə keçirilən aksiyalara gəlincə, ötən gün Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik”, - XİN başçısı bildirib.

Xatırladaq ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa və Almaniyada PKK terror təşkilatının tərəfdarları aksiya keçiriblər.
“Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək”Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu gün dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Çünki eyni soykökə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmağımız iki ölkəni həmişə doğma etmiş, xalqlarımızın yaxşı və pis gündə də bir-birinə dayaq olmasına şərait yaratmışdır.

2021-ci il 15 İyun tarixində qardaş ölkələrin Liderləri mədəniyyət paytaxtımız olan Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsini imzaladılar. Bununla da, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri yeni və tam fərqli bir inkişaf mərhələsinə qədəm qoydu və məhz Azərbaycanda ilk dəfə keçirilən Texnofest festivalı da bu yeni mərhələnin uğurlu addımlarından biri kimi tarixə düşdü, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımladığını bütün dünyaya nümayiş etdirdi.

Xalqlarımızın və dövlətlərimizin biri-birinə necə bağlı olduğunu görmək üçün çox da uzaq olmayan tarixə, şanlı Zəfərimizin fonunda yaşanan mühüm hadisələrə və iki qardaş ölkənin birgə qeyd etdikləri təntənəli mərasimlərə diqqət yetirmək kifayətdir. Qeyd etdiyimiz kimi, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim yeni prioritetlər istiqamətində möhkəmlənir, bütün sahələr üzrə davamlı inkişafı ilə dünyanın diqqətini cəlb edir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmli faktordur. Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmamışdır.

Azərbaycanla Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir, qarşılıqlı etimad və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirirlər.

Eyni zamanda İki müttəfiq respublika arasında əlaqələrin yüksələn xətlə inkişafı, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr təkcə Qafqaz və Anadolu regionları üçün deyil, Avrasiyanın böyük bir hissəsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu da öz növbəsində regionda sabitliyin, təhlükəsizliyin qarantına çevrilir. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.

Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlığın növbəti təzahürü isə bu il 28 may tarixdə özünü büruzə verdi. Dövlət başçılarımızın bir yerdə olmaları və Azərbaycanın müstəqllik gününü birlikdə qeyd etmələri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bir rəmzinə çevrildi.

Prezident İlham Əliyev nitqində qeyd etdiyi kimi:”...Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq...’’.

Sonda əminliklə vurğulamaq istəyirəm ki, iki ölkə arasında münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır.

Fəridə Ağayeva
Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini