Mişelin eyhamı: Sülhməramlılar Qarabağı tərk edir

Mişelin eyhamı: Sülhməramlılar Qarabağı tərk edirŞarl Mişel Brüsseldə İlham Əliyev və Nikol Paşinyanla görüşüb. Hər şey adi görünürdü, amma bu görüşdən sonra biz Ermənistan-Azərbaycan münaqişəsində real irəliləyiş müşahidə etdik. Son aylarda demək olar ki, bu ilk əhəmiyyətli görüş oldu. Paşinyan və Əliyev sənədi imzalayan kimi dərhal sərhədin demarkasiyası üzrə komissiyaların yaradılması elan edilir, daha bir neçə saat keçir və bu komissiyaların rəhbərləri sərhəddə görüşür. Mişel buna necə nail oldu?

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Samvel Aqanesyan bölüşüb.

“Tamamilə məntiqli sual yaranır ki, Mişel Ermənistanın Baş nazirinin və Azərbaycan Prezidentinin ürəyinə nə cür yol tapa, konstruktiv dialoqa başlamaq üçün nə edə bilərdi? Prinsipcə, Əliyev dialoqun və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əleyhinə deyildi, Paşinyan haqqında isə bunun əksini demək olar. Bəs o, Nikola nə təklif etdi ki, Paşinyan imtina edə bilmədi?” - erməni ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə hər şey aydındır, o öz sərhədlərində “kənar adamları” sevmir. Eyni zamanda, o, münaqişə tərəflərinə heç nə vəd edə bilməz. Amma Qərb bir şey təklif etdi!

“Mən güman edə bilərəm ki, Paşinyana eyham vurulub ki, sərhəd münaqişəsinin həlli AB-də Ermənistan vətəndaşları üçün viza məsələsini onun tamamilə ləğvinə qədər xeyli sadələşdirə bilər. Ən əsası isə şübhəsiz ki, tərəflərə Rusiya sülhməramlılarının yaxın vaxtlarda regionu tərk edəcəyi vəd edilib”, - erməni ekspert qeyd edib.