Ağdərədəki erməni polku mühasirədəAzərbaycan Müdafiə Nazirliyi düşmənin Ağdərədəki hərbi birləşməsinin ordumuzun mühasirəsinə düşdüyünə dəlalət edən rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir:

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər normalarına uyğun həyata keçiriləcək.

Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatdıXəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etmişlər.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəymiş, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilmişdir.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxmış, kənddə elektrik enerjisi kəsilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaqdır.
Markov: Savaş davam edəcək, İrəvan saziş imzalayacaqDağlıq Qarabağda yeni döyüş fəaliyyətləri qaçılmaz idi, ona görə ki, İrəvan tam olaraq sülh yoluyla həlli bloklayırdı.

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına müsahibəsində rusiyalı politoloq Sergey Markov deyib.

“Döyüş fəaliyyətləri danışıqlar prosesi dondurulduğu üçün yenilənib. Bunun ilk növbədə günahkarı Azərbaycanla danışıqlara çıxmaqdan qorxan və istəməyən Baş nazir Nikol Paşinyandır. Mən gözləyirəm ki, Azərbaycan kifayət qədər sürətli şəkildə Dağlıq Qarabağdakı və digər rayonlardakı ərazilərini nəzarət altına ala biləcək. Bundan sonra yəqin ki, danışıqlar ilk növbədə Rusiyanın vasitəçiliyi ilə yenilənəcək.

Döyüş fəaliyyətlərinin bir həftə davam edəcəyini proqnozlaşdırmaq olar. Bu dövr ərzində Azərbaycan bu və ya digər həcmdə öz ərazilərini azad edəcək, daha sonra atəşkəs bərpa ediləcək və danışıqlar başlayacaq. O isə böyük ehtimalla Kazan formulu əsasında konfliktin həlli razılaşmasının imzalanması ilə bitəcək”, – deyə o bildirib.

Markov bu hadisələrin bitməsindən sonra Paşinyanın hakimiyyətini itirəcəyini deyib.
ALDP Bəyanat qəbul edib: Tanrı Azərbaycan əsgərini qorusun!Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib. Bəyanatda deyilir:

Bu gün səhər tezdən ermənilər cəbhəboyu ərazilərdə hücüma keçmişdirlər.

Ordumuz cavab atəşi açaraq əks-hücuma keçib.
ALDP bəyan edir ki, bu çətin günlərdə biz Ali baş komandan, əsgər və zabitlərimizin yanındayıq.

ALDP xalqımızı birlik nümayiş etdirməyə çağırır.
Biz birlikdə işğalda olan torpaqları azad edəcəyik!

Qələbəyə doğru!
Tanrı Azərbaycan əsgərini qorusun !

Milli Həmrəylik Partiyasının BəyanatıƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı

Bu gün (sentyabrın 27-də saat 06:00 radələrində) Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəyanı zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub . Düşmən öz xain xislətinə sadiq qalaraq Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb.

Genişmiqyaslı hücuma keçən düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Biz hesab edirik ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və ictimai obyektləri atəşə tutması qəsdən və planlı şəkildə həyata keçirilib. Bu, cəbhəyanı əraziləimizin sakinlərində qorxu hissinin və çaşqınlığın yaranmasına hesablanmış bir addımdır. Lakin biz bəyan edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və ictimai obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüququn bütün prinsiplərinə ziddir və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü, güc tətbiq etmək cəhdidir.

Nikol Paşinyan başda olmaqla Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyi məsuliyyət və reallıq hissini tamamilə itirib. İnqilab (daha doğrusu, siyasi çevriliş) nəticəsində meydandan hakimiyyətə gələn Baş nazir və onun komandası son iki ildə daxili siyasətdə tamamilə uğursuzluğa düçar olmalarının acı nəticələrini məhz Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlara başlamaqla kompensasiya etməyi qərara alıblar. Heç şübhəsiz ki, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Lakin Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının və xaincəsinə hücumlarının qarşısını almağa qadirdir və hal-hazırda silahlı qüvələrimiz Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Ordumuz düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edir.

Biz Ordumuzun qalibiyyət əzminə, Dövlətimizin gücünə inanırıq! Ali Baş Komandanımız İlham Əliyevin də bəyan etdiyi kimi "Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?! Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”

Milli Həmrəylik Partiyası (MHP) olaraq bütün siyasi qüvvələri birliyə, həmrəy olmağa dəvət edir, hər kəsi Ali Baş Komandanımızın və Ordumuzun yanında olmağa çağırırıq. Bu gün siyasi əqidə fərqlərinin bir kənara qoyulduğu, Xalq-Dövlət və Xalq-Ordu vəhdətinin nümayiş etdirilməli olduğu bir məqamdır.

Bütün hallarda düşmən məğlubiyyətə məhkumdur. Ermənistanı nə hərbi vəziyyət və ümumi səfərbərliyin elan edilməsi, nədəki xarici ölkələrdən gətirilən muzdluların, terrorçuların təpədən dırnağa qədər silahlanması xilas edə bilməz. Ermənistan öz cəzasını alıb və alacaqdır. Biz Azərbaycan Ordusunun bu müharibəni zəfərlə başa vuracağına inanırıq. Çünki Ordumuz haqq işi uğrunda, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşür.

Milli Həmrəylik Partiyası (MHP) olaraq cənab Ali Baş Komandanımızın yanında olduğunu bəyan edir, üçrəngli dövlət Bayrağımızın Xankəndində, Şuşada və işğal edilmiş digər ərazilərimizdə dalğalanması üçün Milli Ordumuza dəstək verməyə və döyüşməyə hazır olduğumuzu bildiririk! Hamımız bir nəfər kimi Qələbəyə köklənmişik!



İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdiSentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib.

- Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.

Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.

Bu gün mən Azərbaycan xalqına müraciət etdim. Müraciətdə bu təxribatın səbəbləri və son müddət ərzində Ermənistanın çirkin addımları haqqında geniş məlumat verdim, fikirlərimi bölüşdüm, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bir daha bildirirəm ki, bu gün səhər tezdən bizə qarşı edilən hərbi hücum planlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında itkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.

Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!

Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.

Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.

Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir.

Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağlıq Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü və yorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var. Ancaq münaqişənin ilk illərində bu, belə deyildi. Münaqişənin ilk illərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.

Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.

Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.

Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

İndi isə məlumat üçün söz verilir Müdafiə naziri Zakir Həsənova.

Müdafiə naziri Zakir Həsənov dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Məruzə edirəm ki, saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutmuşdur. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olmuşdur. Hərbi hissələrin ön xətti də atəşə tutulmuşdur. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunmuşdur və onların hücuma hazırlaşdığı müşahidə edilmişdir. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd işğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeyd edim?

Prezident İlham Əliyev: Qeyd et.

Nazir Zakir Həsənov: Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir.

Məruzə etdi Müdafiə naziri general-polkovnik Həsənov.

Prezident İlham Əliyev: Aydındır. Biz Təhlükəsizlik Şurasının qalan hissəsini qapalı rejimdə keçirəcəyik. Əminəm ki, Azərbaycan vətəndaşları bu qərara anlayışla yanaşacaqlar. Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirr təşkil edir. Ancaq yenə də demək istəyirəm ki, Azərbaycan əhalisi müntəzəm olaraq həm Prezident Administrasiyası, həm Müdafiə Nazirliyi tərəfindən məlumatlandırılır. Azərbaycan vətəndaşlarına operativ məlumat çatdırılacaqdır.

Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Sonda Təhlükəsizlik Şurasının digər üzvləri müzakirədə iştirak etdilər.
Ordumuz daha bir kəndi azad etdi - TəciliAzərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
Siyasi partiyalar erməni təxribatı ilə bağlı bəyanat YAYDIAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib.

Avrasiya.net-ə daxil olan bəyanatda deyilir:

“Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var.

Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır.

Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir.

Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemoloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.

Ermənistan Baş nazirinin militarist bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları müzakirələrin önünü kəsən amillərdir. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır.

Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır. 2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur.

Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyası olan ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti qarşısında səssiz qalmamalı, dərhal siyasi və hüquqi tədbirlər görməlidir.

Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!

Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq.

1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

3. Ana Vətən Partiyası – Fəzail Ağamalı

4. Böyük Quruluş Partiyası – Fazil Mustafa

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

7. Vəhdət Partiyası – Tahir Kərimli

8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

10. Milli Cəbhə Partiyası – Razi Nurullayev

11. ReAL Partiyası – İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn

16. Ədalət Partiyası – İlyas İsmayılov

17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

18. Azərbaycan Demokratlar Partiyası – Sülhəddin Əkbər

19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan

20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev

26. Milli Vəhdət Partiyası – Yunus Oğuz

27. AĞ Partiya – Tural Abbaslı

28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

31. Azadlıq Partiyası – Əhməd Orucov

32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

35. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov

36. Yeni Zaman Partiyası – Musa Ağayev

37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev

38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov

40. Milli Konqres Partiyası – İxtiyar Şirinov

41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

45. Birlik Partiyası – Xudadat Xudiyev

46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov

48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

49. Qorqud Partiyası – Firudin Kərimov

50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
Ermənilər Qarabağı BOŞALDIRAzərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı işğal altındakı 7 kənd düşmən işğalından azad olunub.

Ermənistan KİV xəbər verir ki, keçmiş Ağdərə rayonunun ərazisində yerləşən Talış, Madagiz kəndləri, Ağdərə qəsəbəsi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və ətraf kəndlərin erməni əhalisi ərazini tərk edib. Onlar Xankəndi-Gorus yolu ilə Ermənistan ərazisinə köçürülür.

Azərbaycan Ordusunun uğurları ilə bağlı təmas xəttindən nisbətən uzzq yerləşən yaşayış məntəqələri, o cümlədən Xankəndi şəhərində yaşayan ermənilər də Qarabağı kütləvi şəkildə tərk edir. Onların axınının qarşısını almaq üçün qondarma rejimin nümayəndələri sakiunlərin bölgədən çıxacağı yollarda məhdudiyyətlər tətbiq edir.modern.az
"Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik"Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və bütün cəhbə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə düşmən ordusu ciddi itki verərək geri çəkilir. Azərbaycanın qəhrəman əsgərləri tərəfindən 30 il işğalda qalmış kənd və qəsəbələrimiz düşmən tapdağından azad edilir.

Avrasiya.net xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib:

"Dövlətimiz, xalqımız və ordumuz üçün torpaqlarımızı tam olaraq işğaldan azad etməkdən ötrü tarixi şans yaranıb.
Odur ki, ictimai təşkilatlardan, siyasi partiyalardan, mətbuatdan və bütövlükdə xalqımızadan asılı olan nədirsə onu etməli və tarixi fürsəti qaçırmayaraq uzun müddət arzu etdimiz Qarabağın və ətraf rayonların işğaldan azad olunmasına nail olmalıyıq.

Bunun üçün:

1) Ali Baş Komandan və Ordumuzun ətrafında daha sıx və yumruq kimi birləşməliyik;

2) Xalq, millət və cəmiyyət olaraq hazırkı məsuliyyətli və tarixi dönəmdə Vətən naminə həmrəy olmalı, "hər şey cəbhə üçün, hər şey vətən üçün" devizi ilə yaşamalıyıq. Ayıq-sayıq olmalı və bütün sahələrdə düşmənin çeşidli təxribatlarını və panika yaymaq istəklərini vaxtında müəyyən edib qarşısını almalıyıq;

3)Cəbhəyanı rayonlarda yaşayan əhalimiz daha diqqətli olmalı və rəsmi məlumatlardan başqa heç bir xəbər və məlumatlara inanmamalıdır;

4) Ehtiyac olduğu təqdirdə hər birimiz yaşımızdan və tutuduğumuz vəzifədən asılı olamyaraq cəbhəyə getməyə, topaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq.

Bizim işimiz haqq işidir, Vətən uğrunda apardığımız mücadilədir!
Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!
Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

Allah Ordumuzu qorusun və müzəffər etsin!"