ADAU-da Anım Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunan tədbir təşkil olunub.
Avrasiya.net xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov vurğulayıb ki, 27 sentyabr Azərbaycanın tarixinə xalqımızın bir yumruq kimi birləşdiyi gün kimi həkk olunub. Məhz həmin gün başlanan Vətən müharibəsi xalqımızın uzun illərdən bəri davam edən Qarabağ həsrətinə son qoyub.
“Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri və əməkdaşları da bu müqəddəs savaşda iştirak edərək qəhrəmanlıq nümunələri göstəriblər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar da var. Onların əziz xatirəsi daim universitetimizin yaddaşında və qəlbimizdə yaşayacaq. Unutmayaq ki, əbədi həyat yoxdur, amma əbədi xalq, əbədi millət, əbədi dövlət var. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız şanlı tarixinə yeni bir qürurlu səhifə yazdı və bu səhifə daim gələcək nəsillərə örnək olacaq”, – deyə rektor çıxışında bildirib.
Daha sonra Anım Gününə həsr edilən videoçarx nümayiş olunub.
Çıxış edən şəhid Rauf Əsgərovun anası Brilliant Əsgərova övladının və bütün şəhidlərin qisasının alındığını, onların ruhu qarşısında baş əydiyini bildirərək, bu Qələbənin qorunmasının hər kəsin müqəddəs borcu olduğunu diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov 27 Sentyabrın xalqımızın qəhrəmanlıq, birlik və əzm rəmzi olduğunu vurğulayaraq, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərin xatirəsinin daim yaşadılacağını qeyd edib.
Şəhid Canlar Cavadovun həyat yoldaşı Vüsalə Cavadova çıxışında şəhidlərin adının daim uca tutulmasının, onların xatirəsinin gələcək nəsillərə örnək kimi çatdırılmasının vacibliyini vurğulayıb və tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov isə şəhidlərin göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını diqqətə çatdırıb.
Vətən müharibəsi iştirakçısı, Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının baş müəllimi Qurban Qurbanov, İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov, II Qarabağ müharibəsi veteranı, Mühəndislik fakültəsinin “Maşın mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Eşqin Bayramov öz çıxışlarında ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələrinin xalqımız və dövlətimiz tərəfindən daim uca tutulduğunu diqqətə çatdırıblar.
Sonda ADAU tələbələri şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndiriblər.![]()
![]()
![]()
![]()
Son xəbərlər
