“Dəmir yumruq” və ali ədalətin təntənəsi
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
27 sentyabr tarixi Azərbaycan xalqının və Azərbaycan dövlətinin tarixində mühüm əhəmiyyət kəsb etməklə yanaşı eyni zamanda milli qürur günumüzdür. Qeyd etməliyik ki, dövlət müstəqilliyinin ən vacib elementlərindən biri ərazi bütövlüyünün təminatıdır. Xalqların milli mübarizəsinin əsas hədəflərindən biri müstəqillik, suverenlikdir. Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun sayəsində ərazi bütövlüyümüzü bərpa edərək müstəqilliyimizin toxunulmazlığına və əbədiliyinə daha güclü zəmin yaratdı. Bu tarixi hadisə nə qədər qüdrətli dövlətə və peşəkar orduya sahib olduğumuzu bütün dünyaya nümayiş etdirmiş oldu.
Əldə edilmiş zəfər nəticəsində xalqımız tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi və 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan tarixi torpaqlarımızı mənfur düşməndən azad etdi. Bununla da biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünyaya göstərdik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz düşmənin “keçilməz” adlandırdığı müdafiə xəttini yarmaqla uzun illər həsrətini çəkdiyimiz torpaqları azad edərək xalqımıza sevinc gətirmiş oldu. Qısa müddət ərzində darmadağın edilən düşmən geri çəkilməyə məcbur olmuş və rəşadətli ordumuz ardıcıl olaraq işğal altında olan rayonlarımızı azad edərək, 30 illik vətən, torpaq həsrətinə son qoydu. Qeyd etməliyik ki, 10 noyabr Bəyanatına əsasən üzərinə müəyyən öhdəliklər götürmüş mənfur düşmənimiz regionda vəziyyəti yenidən gərginləşdirmək və sülh prosesinə zərbə vurmaq istiqamətində təxribatlar törədirdi. Azərbaycan dövləti tərəfindən Ermənistanın arası kəsilməyən təxribat və terrorların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində yerləşən separatçılara qarşı 2023-cü ilin sentyabr ayının 19-da başlanan və cəmi 24 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı keçirildi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvaları qısa vaxt ərzində məhv edilməklə milli suverenliyimiz tam bərpa edildi.
Qeyd etməliyik torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən artıq beş il müddət ötür. Ötən müddət ərzində görülmüş işlər və əldə edilən nəticələrə baxsaq əminliklə deyə bilərik ki, bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Erməni vandalları tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət ərzində həyatı və insanları öz doğma yurdlarına qaytarmaq böyük potensialdan xəbər verir. Hazırda azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələri bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. Möhtərəm cənab Prezidentin mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərləri, görülən işlərlə yaxından tanış olması və yeni layihələrin təməlqoyma mərasimlərinin keçirilməsi olduqca əhəmiyyətlidir.
Bu gün bizlər əminliklə deyə bilərik ki, Azərbaycanın günü-gündən artan siyasi, iqtisadi və hərbi gücü müstəqilliyimizin təminatçısına çevrilib. Sevindirici haldır ki, artıq vətənin keşiyində dayanan, torpağı göz bəbəyi kimi qoruyan vətənpərvər gənc nəsil formalaşıb. Qurucu, yaradıcı olan bu nəsil bütün arenalarda xalqımızı və ölkəmizi ləyaqətlə təmsil edir, bayrağımızı ucaldır. Bu gün Azərbaycanın dövlət siyasətinin başlıca prinsipi müstəqilliyimizin möhkəm və əbədi olmasıdır. Cənab Prezidentin milli maraqlara əsaslanan uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsidir ki, artıq Azərbaycan regionda güc mərkəzinə, beynəlxalq aləmdə yüksək nüfuza və rola sahib olan ölkəyə çevrilib. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı və qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq və şəhərlərimizi, kəndlərimizi bərpa edirik. Eyni zamanda fəxr edirik ki, biz bu torpaqların sahibləri kimi bu torpaqları yenidən həyata qaytarırıq.
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
27 sentyabr Anım Günündə şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz vətənin keşiyində durmalı və hər zaman müstəqilliyimizin müdafiəsinə hazır olmayıq. Möhtərəm cənab Prezidentin də qeyd etdiyi kimi “İmkan verməməliyik ki, bir daha düşmən başını qaldırsın və bir daha bizim üçün təhdid yaratsın”.
Son xəbərlər
