Ər-arvad dəm qazının qurbanı olublar
1 fevral 2025-ci il tarixində İsax Səfərəliyev və Şeyda Səfərələliyeva Suraxanıda (ər-arvad) qazdan boğularaq faciəli şəkildə vəfat ediblər.
Səfərəliyeva (İbrahimova) Şeyda Talıb qızı 1931-ci ildə Qərbi Azərbaycan Dərələyəz mahalının Ələyəz kəndində doğulub. İbtidai təhsilini Ələyəz kəndində alıb. Şeyda xanım Ələyəz kəndində kolxozun üzümçülük, tütünçülük, meyvəçilik sahələrində çalışıb. 1957-ci ildə Ələyəz kənd sakini Səfərəliyev İsax Xəlil oğlu ilə ailə qurub. Bu nigahdan onların Səfəralı, İbrahim, Sevda, Səlbinaz, Şeyda adlı övladları olub. 1971-1988-ci illərdə Ələyəz kənd orta məktəbində bufetçi işləyib. 1988-ci ildə deportasiya edilərək Bakı şəhəri Suraxanı rayonunda məskunlaşıb. 1 fevral 2025-ci ildə dünyasını dəyişib.
Səfərəliyev İsax Xəlil oğlu 1935-ci ildə Ələyəz kəndində anadan olub. 1953-cü ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmət zamanı sürücülük peşəsinə yiyələnib. Əsgəri xidmətdən sonra “Zərbəçi” kolxozunda, sonra isə 8 kəndi birləşdirib sovxoz təşkil etdikdə Qovşuq kəndində sürücü işləyib. Nümunəvi sürücü kimi heç vaxt qəza törətməyib.İsax Səfərəliyevin atası II Dünya Müharibəsi iştirakçısı olub. O müharibənin əvvəlindən sonuna qədər şücaətlə vuruşaraq bir sıra orden və medallarla təltif edilib. Ələyəz kəndinin sayılıb-seçilən kişilərindən olub. 1957-ci ildə Şeyda İbrahimova ilə ailə qurub. 1 fevral 2025-ci ildə dünyasını dəyişib.
Allah rəhmət eləsin!