AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ
Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin "qara qutu"ları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.
Avrasiya.net xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
CENIPA-da "qara qutu"ların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.
Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.
Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.
***
22:12
Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"larını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərəcək.
Avrasiya.net xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, qəzanın təhqiqat komissiyası Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartlarına əsasında qara qutuların Braziliya istintaq mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.