Müəllim, çempion, ziyalı... - Oleq Səlimov
Bu gün Siyəzən təhsilində xüsusi əməyi və xidməti olan, yüksək intellekti, bacarığı, qabiliyyəti, ziyalılığı və nəhayət, insanlığı, xeyirxah qəlbi ilə seçilən Oleq müəllimin dünyasını dəyişdiyi gündür. Sözün əsl mənasında ziyalı. Öz tükənməz nurundan başqalarına pay verən, böyük mədəniyyətə sahib olan möhtəşəm bir insan, Oleq Səlimov!
O, 1974-1978-ci illərdə Mirzə Fətəli Axundzadə adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb. Həmin dövrdə Oleq Səlimov öz müəllimi Adilə Qocayeva ilə birgə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Müasir rus dili” proqramına aparıcılıq edib. Eyni zamanda, idmanın boks növü üzrə keçirilən Azərbaycan çempionatında ağır çəki üzrə çempion olub. Yerevanda təşkil edilən boks yarışında isə erməni idmançısı Xoren İnciyana nokautla qalib gəlmişdi. Oleq müəllim SSSR-nin bütün şəhərlərində idmançı kimi iştirak edərək, kifatət qədər uğurlar qazanıb.
Ali məktəbi bitirdikdən sonra özüylə eyni kursda təhsil alan Tamella Məmmədova ilə ailə həyatı quraraq, təyinatla Qubadlı rayonuna göndərilib. Böyük oğlu Xəyyam Qubadlıda böyüyüb. Oleq Səlimov 1984-cu ilədək Milli Qəhrəman Əliyar Əliyevin də idman müəllimi kimi çalışdığı Qubadlı Rayon Dondarlı kənd orta məktəbində rus dili ve ədəbiyyatı fənnini tədris edib. Həyat yoldaşı Tamella xanım isə Dəmirçilər kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərib. Oleq Səlimovun Qubadlıda işlədiyi müddətdə çoxlu yetirmələri olub. Rayon ictimaiyyətinin rəğbət və hörmətini qazanıb.
Əsl ziyalı Oleq Səlimov 1984-cü ilin payızından Siyəzən rayonunda pedaqoji fəaliyyətini davam etdirib. Əvvəlcə Şabran Rayon Təhsil şöbəsində rus dili üzrə metodist kimi çalışıb. Siyəzən şəhər Rasim Ramazanov adına 9 illik məktəbində (indiki Siyəzən Rayon 5 saylı tam orta məktəb) direktor, Beşdam kənd məktəbində tədris hissə müdiri və müavin, Rayon Uşaq Yaradıcılıq Mərkəzində direktor və Rayon Təhsil şöbəsində müxtəlif vəzifələrdə işləyib. Gənc nəslin layiqli vətəndaş kimi yetişməsində, təhsil almasında, rus dilini mükəmməl öyrənməsində böyük əmək sərf edib.
Oleq Səlimov çalışdığı bütün dövrlərdə rayonda təhsilə dair konfranslar təşkil edib, rus dili və ədəbiyyatı üzrə məktəblilərin olimpiadalara cəlb olunmasında rolu olub. Oleq müəllim əsl intellektual, yüksək mədəni keyfiyyətlərə malik bir şəxsiyyət kimi, cəmiyyətdə özünə hörmət qazanıb.
Artıq 12 ildir ki, o, aramızda yoxdur. Lakin, illər keçsə də, həmişə bizimlədir, yaddaşlarımızdadır. Onun dərs dediyi və həyata vəsiqə verdiyi gənclər indi ölkəmizdə və xaricdə elmin müxtəlif sahələrində çalışırlar. Onlar həmişə əziz müəllimlərini böyük hörmətlə yad edirlər.
Oleq Səlimovun özündən sonra dörd övladı – 2 oğlu və iki qızı yadigar qalıb. Övladlarından biri, Emil Səlimov təhsil sahəsində çalışır, ali məktəblərin birində Tədris şöbəsinin rəhbəridir.
Nə qədər ki, insanların yaddaşındasan, səni anırlar, demək, sən yaşayırsan. Allah sənə qəni-qəni rəhmət etsin, Oleq müəllim! Sən hər zaman ailənin, şagirdlərinin, səni sevənlərin qəlbində yaşayacaqsan! Ziyasından hər tərəfə nur saçan müəllim, uyuduğun məkan nurla dolsun!
Qumru Səlimova