Gənclər təşkilatı maarifləndirici tədbirlərini davam etdirir
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə 14 fevral 2023- cü il tarixində “ Dəyərlərimizə sahib çıxaq” adlı layihəsini İsmayıllı rayonunda davam etdirib.
Heydər Əliyev mərkəzində keçirilən tədbirdə 100 dək gənc iştirak edib. Tədbir iştirakçıları qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sukutla yad etdilər. Tədbiri giriş sözü ilə rayon İH -in nümayəndəsi Nəsimi Teymurov açaraq iştirakçıları salamladı və layihənin məqsədi haqqında qısa məlumat verdi.
Təşkilatın təlimçisi tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova layihə haqqında geniş məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Azərbaycan xalqı dünyanın heç bir ölkəsində rast gəlinməyən çox yüksək keyfiyyətlərə malikdir. Min illər boyunca formalaşmış bu dəyərlərimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək bugünkü gəncliyin borcudur.
Rayon ziyalılarından şair Şahməmməd Dağlaroğlu çıxışında gənclərimizi atalarımızın formalaşdırdığı müqəddəs dəyərlərimizə sadiq qalmalarını tövsüyə etdi. Rayon 1 saylı məktəbin müəlliməsi Baqıyeva İlahə, 6 saylı məktəbin şagirdlərindən Məmmədov Əli, Haçıyeva Nərgiz, Qaraşova Aynurə və başqaları layihədə səslənən məsələlər haqqında öz fikirlərini bildirdilər.