Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır
Bildiyimiz kimi 2 fevral Azərbaycanda Gənclər Günüdür. Artıq uzun müddətdir ki, ölkəmizdə “Gənclər günü” xüsusi təntənə ilə qeyd edilir. Bu bayram gənclərə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hədiyyədir desək, yəqin ki, bütün gənclər bizimlə razılaşar. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, ölkəmizdə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyi hər mənada gözəl, güclü görmək istəmiş və bunun üçün əlindən gələni əsirgəməmişdir.
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, elə bütün dövrlərdə millətinin adını tariхə yazan elə sağlam gənc qüvvələr olub. Məhz müstəqilliyimizin bərpası yolunda gedən azadlıq mübarizəsində və 70 illik əsarətin zülmətinin işıqlanmasında gənclərin rolunu xüsusilə qeyd etməliyik.
Müstəqilliyimizi bərpa etdikdən sonra ötən müddət ərzində böyük yol qət edən gənc respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir. Bütün sahələrin inkişafı ilə yanaşı gənclərin problemlərinin həll edilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Müdrik siyasətçi kimi bu reallığı düzgün qiymətləndirən ölkə başçısı hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşmışdır. Nəticədə xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik təbəqə kimi gənclərin ehtiyaclarının dolğun ödənilməsi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 44 günlük Vətən müharibəsi oldu. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun sıralarında torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların qəhrəmanlığı nəticəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Sevindirici haldır ki, gənclərimiz ön cəbhə ilə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Artıq 3-cü ildir ki, Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər.
Qeyd etməliyik ki, müasir zəmanəmizin gəncləri çoх aktivdir. Bu da təbii ki, хoşagələn və fəхr ediləsi haldır. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual, müasir dünyagörüşünə, dərin biliyə malik gənclər var və bizlər bununla fəxr edirik. Təsadüfü deyildir ki, gəncliyi və gəncləri sağlam olan dövlət həmişə cavandır və hər şeyə qadirdir.
Bu gün Azərbaycan gəncləri fəxr edir ki, Ulu Öndər Heydər Əliyevin birinci şah əsəri olan və onun epoxal miqyasını tərənnüm edən müstəqil Azərbaycan dövlətində yaşayır və Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşir. Bununla da Azərbaycan gəncləri Ulu Öndərin siyasi irsinin mühüm tərkib hissələri olan azərbaycançılıq, vətənsevərlik, milli birlik, qüdrətli dövlətin formalaşdırılması kimi böyük amallara xidmət edir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri