“Parkovşiklərin” yaratdığı gərginlik

“Parkovşiklərin” yaratdığı gərginlikBu gün “parkovşik” və “parklanma” sözləri yenidən gündəmə gəlib. Əslində bu mövzu iyirmi ildir ki, gündəmdən düşmür, sadəcə son aylarda bəzi “parkovşiklərin” və onlara havadarlıq edənlərin “çızıqlarından” çıxması məsələni bir qədər alovlandırıb. Belə düşünmək olar ki, adıçəkilən sahədə mövcud olan hərc-mərclik aradan qaldırılmayınca süni yaranmış gərginlik hələ davam edəcək. Baxmayaraq ki, Bakı Nəqliyyat Agentliyi üç ildən sonra hərəkətə keçib və hələlik simvolik də olsa hansısa pilot layihənin icrasına başlayıb. Nə isə...

Ötən illərdə bu mövzuya dəfələrlə toxunsamda, hazırda açıqlanan məqamların bələdiyyələrə də aid olması səbəbindən yenidən münasibət bildirməyi özümə borc bilirəm.

***

Etiraf edilməlidir ki, son iyirmi ildə parklanmaya nəzarətə sahiblənmək uğrunda mərkəzi icra orqanları arasında gedən “açıq və qapalı” mübarizə nəticəsində sahəyə nəzarətin dəfələrlə dəyişməsi ilk növbədə sahənin gəlirli olmasıyla bağlı olub. Sonuncu sənədlə sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinə verilsə də, son üç ildə dayanacaq probleminin havadan asılı qalması, nəzarətin olmaması nəticədə bu günkü gərgin və xaos bir vəziyyəti yaratmış oldu. Sual olunur bəs indiki xaos və qarmaqarışıqlığı kim yaradıb? Niyə BNA prosesə nəzarəti vaxtında ələ ala bilməyib? Maraqlıdır, kimlər mane olub? Və yaxud bu sahəyə nəzarət dəyişsədə əldə edilən vəsaitdən bələdiyyəyə aid olanı niyə köçürülməyib? Hansı səbəbdən “sahə nəzarətçiləri” min bir bəhanə gətirərək Qanunla nəzərdə tutulan maliyyəni yerli orqanlara köçürməkdən hər dəfə vaz keçiblər? Niyə və hansı səbəbə? Və yaxud niyə sual olunmur ki, ilk Avropa oyunları ərəfəsində şəhərdə dövlət büdcəsi hesabına quraşdırılan ən müasir parkomatlar niyə söküldü? Bilən varmı? İndi milyonlarla dəyəri olan o aparatların sonrakı aqibəti haqqında kimin məlumatı var? Bəlkə o da tramvay relsləri kimi “metalloma” göndərildi. Bununla bağlı əhalidə hər hansı problem yarandığı halda, narazı kütlənin dərhal bələdiyyə üzərinə istiqamətləndirilməsi hansı məqsəd daşıyır. Bəs bələdiyyələrə qarşı, xüsusəndə mərkəzi icra strukturlarının ögey münasibəti və ya yumşaq desəm “soyuq müharibə” işartıları nə vaxtadək davam edəcək? Sual olunur, nəyə görə bələdiyyə ərazisində olan reklamlardan, avtodaynacaqlardan vergi və rüsum yığılır, lakin bələdiyyəyə hər hansı bir vəsait ödənilmir.

Suallar çox, cavablar da çox, ancaq dilə gətirəni yox. Nə isə...

***

Bakının sabiq icra başçısı, çox hörmətli Hacıbala Abutalıbovun imzaladığı 15.10.2001-ci il tarixli № 655 saylı sərəncamda göstərilirdi ki, “son vaxtlar Bakı şəhərinin küçə və meydanlarında, hökumət və dövlət idarələrinin, iri ticarət mərkəzlərinin, əhalinin istirahət etdiyi park və bağların ətrafında ayrı-ayrı şəxslər tərəfindən kortəbii şəkildə minik avtomobilləri dayanacaqlarının təşkili geniş yayılması onu göstərir ki, müvafiq bələdiyyələr Bakı şəhərinin ərazisində minik avtomobilləri dayanacağı işinin təşkilinin lazımi səviyyədə qurmayıblar ki, bu da dayanacaqlarda əhalinin və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarıb”.

Beləliklə, o illərdə şəhərdəki hərəkət qarışıqlığına görə, bütün məsuliyyət bələdiyyələrin üzərinə atılıb və səbəbkar kimi yerli orqanlar ciddi ittiham edildilər. Xoşbəxtlikdən indiki qarışıqlığın yaradılmasında günahkarların sırasında bələdiyyənin adı çəkilmir və ümumiyyətlə elə bir siyahı da, nədənsə, gözə dəymir.

İnanıram ki, sabiq mer bu gün vəzifədə olsaydı yəqin ki, yenə də pafosla danışaraq bələdiyyəni günahkar çıxarmaqla onları cəmiyyətdə gözdən salmağı unutmazdı. Nə isə...

***

İndi isə son üç ildən artıq bir vaxtda formalaşan vəziyyətə toxunaq.

Uzun müddət bu sahənin rəsmi şəkildə Bakı ŞİH tərəfindən BNA təhvil verilmədyini əsas gətirdiklərindən sahə bəlkə də məqsədli şəkildə nəzarətsiz saxlanıldı. Əslində isə güclü nəzarət var idi və külli miqdarda pul yığılırdı. Prosesi icra etmək üçün “ASA Parkinq” MMC-də yaradılmış, bir müddət öncə bizə məlum olmayan səbəbdən “ASA parkinq” “Çinar parkinq”ə çevrilmişdi. Əvvəlki “nəzarətçi”lərdən fərq ondaydı ki, nə Bakı ŞİH, nədə ki ləğv edilmiş Nəqliyyat Nazirliyinin balansında olanda bu sahədən əldə edilən vəsaitdən bələdiyyə büdcəsinə bir qəpik belə köçürülmədiyi halda, sonuncu “nəzarətçilər” inzibati ərazilərə görə az da olsa bələdiyyələrin büdcəsinə vəsait ödəyirdilər. Əslində bu da gözdən pərdə asmaq kimi də qiymətləndirilə bilər. Nə isə...

***

“Bələdiyyənin maliyyəsinin əsasları haqqında”(1999), (maddə 7.1.6) həm də “Yerli vergilər və ödənişlər haqqında” (2001) (maddə 9.1.5.) Qanunlarında əsasən bu istiqamətdən daxil olan ödənişin məhz yerli orqanlara aid edilməsi birmənalı olaraq göstərilir. Normativ sənədlərə görə, əldə edilən maliyyə vəsaitindən hər avtomobilə görə ödənilən vəsaitin 10 qəpiyi bələdiyyə büdcəsinə köçürülməlidir. Bu Qanunun tələbidir. Və indiyədək Bakı ŞİH və ləğv edilmş Nəqliyat nazirliyi Qanunun bu maddəsini uzun müddət, kokret olaraq, pozublar. Nə isə...

***

Bəs prosesin icrasını indiki halda necə görürük.

Sonuncu nəzarətçi “Çinar Parkinq” müqavilə bağladığı bələdiyyələrə məktub göndərərək bildirib ki, vəziyyətə aydınlıq gətirilənədək icarə haqqlarının ödənişi dayandırılır. Belə güman etmək olar ki, hələ bu xəmir çox su aparacaq. Sahəyə nəzarət etməli olan BNA-nın indiki halda əziyyəti çox olacaq və qətiyyət nümayiş etdirmiş olsa sahəyə tam və qəti nəzarətə sahib ola biləcək.

Əsas məsələ isə məhz bundan sonra başlayacaq. Yəni prosesin təşkli və əldə edilən vəsaitin tam və şəffaf şəkildə xərclənməsi, hesabatlılığın təmin edilməsi, xüsusəndə bələdiyyələrə aid olan maliyyə vəsaitinin ödənişinin təşkili əsas vəzifələrdən hesab olunmalıdır.

Əgər əvvəlkilər kimi, şəffaflıq təmin edilməyəcəksə, hər yerindən duran bir dayanacağa sahiblənəcəksə indiki hay-küy yersiz görünə bilər.

Fikrimizcə, BNA yalnız bu sahə üzrə dövlət siyasətini və nəzarətini həyata keçirməlidir. Yəni tariflərin müəyyən edilməsiylə bağlı təkliflər, parkinq-daynacaqların klassifikasiyasının aparılması, Dövlət Yol Polisi ilə dayanacaqların təşkili ilə bağlı strateji yol xəritəsinin hazırlanmasını, o cümlədən bələdiyyələrin üzərinə düşən məsuliyyətin müəyyən edilməsi ən vacib məsələlərdən hesab olunmalıdır. Prosesin icrasını isə bələdiyyələrə həvalə edilməlidir. Yerli orqanlar isə artıq təsdiq edilmiş starteji yol xəritəsinə uyğun hərəkətə edərək dayancaqları açıq müsabiqə yolu ilə hüquqi və fiziki şəxslərin istifadəsinə verməlidir. Əlavə edim ki, dünyanın heç bir ölkəsində parkinq sistemi icra orqanı tərəfindən təşkil edilmir, icra orqanı prosesə sadəcə inzibati nəzarəti həyata keçirir.

Bütün bələdiyyələrin inzibati ərazilərindəki, faktiki fəaliyyətdə olan məhəllədaxili gecə dayanacaqlarının, habelə yeraltı və yerüstü parkinqlərdə işin təşkili də problemlidir. Yəni həmin dayanacaqlardan da bələdiyyə büdcəsinə hər hansı formada maliyyə ödənilmir.

Ümumiyyətlə, Qanunun bu maddəsi icra olunmur. BNA dövlət orqanı olaraq məhz bu sahəyə və bu məqamın icrasına diqqət yetirməlidir. Yəni həm prosesin icrası müəyyən standartlara cavab verən formada təşkil edilməli, həm də qanunvericiliyin tələbləri birmənalı olaraq icra olunmalıdır.

Vüqar Tofiqli