Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri
1990-cı il yanvar ayının 20-də keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə hücum edərək dinc əhaliyə qarşı böyük amansızlıq göstərmişdilər. Faktlardan da göründüyü kimi, faciə xüsusi qəddarlıqla törədilmişdir. Məlum olduğu kimi, çoxumuz bu dəhşətli hadisənin, haqsızlığın canlı şahidi olmuş, o gecənin ağrı-acılarını yaşamışıq.
20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də öz istəyinə çata bilmədi.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmişdir. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etmədi.
1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qətliamını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 1990-cı il 21 noyabr tarixli qərar qəbul etdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.
Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Qanlı Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində oldu. Həmçinin, 20 Yanvar hadisələrinə siyasi qiymətdə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi. Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
Qanlı 20 yanvar hadisələrdən 36 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Ölkə Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik.
