Rəşadət və qəhrəmanlıq tariximiz
Bu gün rəşadət və qəhrəmanlıq tariximizin yaşandığı 20 yanvar faciəsindən 36 il keçir. Bu tarix qanla yazılan qəhrəmanlıq tarixidir, bu tarix azadlıq və müstəqilliyə gedən yolda yazılan, qürurun hüznə qarışdığı tarixidir. Həmin gün xalqın mübariz ruhunun və qətiyyətinin təcəlli etdiyi rəşadət səhifəsidir. 20 Yanvar Azərbaycan xalqının istiqlala gedən yolda yandırdığı əbədi məşəldir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Həmin gün sovet silahları Azərbaycan xalqının sovet boyunduruğundan çıxmaq arzusuna qarşı çevrilmişdi.
“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri var idi. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Bu da rejimin qəddarlığını, xalqın və insanların taleyinə nə qədər etinasız yanaşdığının sübutudur.
Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Həmin gün xalq öz iradəsini, milli birlik və gücünü ağır texnikanın qarşısına əliyalın çıxmaqla göstərdi. Bu, istiqlala gedən yolda əzmkar və milli iradə nümayişi idi. Burada fərdlərin arzusu, istəyi yox idi, burada bütöv bir xalqın birliyi və bütövlüyü var idi. Bu hadisələr Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror və eyni zamanda beynəlxalq cinayət kimi qiymətləndirilməlidir. Bu hadisələr zamanı fundamental insan hüquqları, beynəlxalq hüququn əsas prinsipləri kütləvi şəkildə pozulmuşdur.
Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.
Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi. Lakin totalitar rejim Azərbaycan xalqının iradəsini və ruhunu qıra, qorxuda bilmədi. Bakıda törədilən faciə, sovet imperiyası silahlarının öz vətəndaşlarına tuşlanması sovet rəhbərliyinin 1980-ci illərin sonlarında Azərbaycanda başlamış milli azadlıq hərəkatının miqyasının genişlənməsindən ehtiyat etməsi, xalqı qorxu gücünə geri durmağa məcbur etmək kimi məkrli niyyəti nümayiş etdirirdi. Azərbaycanın rəhbərliyi isə hadisələrə susmaqla münasibət bildirdi. Həmin gün dinc əhali gülləbaran edilsə də, xalqımızın polad iradəsini sındıra bilmədi, insanları müstəqillik, istiqlaliyyət istəyindən döndərməyi bacarmadı. Azərbaycan xalqının bu əzmi, azadlıq eşqi imperiyanı dəhşətə gətirdi.
Dövlət səviyyəsində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət 1994-cü il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir. Həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən “Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə” 1998-ci il 5 avqust tarixli Sərəncam imzalamışdır. Hər il milyonlarla azərbaycanlının ziyarət etdiyi bu məkan xalqımızın qəhrəmanlığını təcəssüm etdirən ziyarətgaha çevrilmişdir.
Azərbaycan tarixinin səhifələrinə əbədi həkk olunan 20 Yanvar, həm də xalqımızın sonrakı taleyində ciddi dönüş oldu. 1 il sonra SSRİ tarixə, Azərbaycan xalqı isə yenidən azadlıq və müstəqilliyinə qovuşdu. Azadlıq uğrunda mübarizliyi təcəssüm etdirən və müstəqilliyə qovuşmaq uğrunda şəhidlik zirvəsinə qalxmağın bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.
Fəzail İbrahimli
Milli Məclisin deputatı
