"Azərbaycanın mövqeyinin artması bütün dövlətlərin diqqətini ölkəmizə yönəldir"
“Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir” – Azərbaycan Respubblikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi zamanı bu fikirləri bildirmişdir.
Bildiyimiz kimi cari ilin yanvar ayının 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Möhtərəm cənab Prezident İlham Əliyev “Euronews” televiziya kanalına müsahibə verərək ölkəmizlə yanaşı beynəlxalq münasibətlər sistemində baş verən proseslərə dair münasibət bildirmiş və mühüm mesajlar vermişdir. Xüsusi qeyd etməliyik ki, hər il keçirilən və dünyada böyük nüfuza malik olan Davos Dünya İqtisadi Forumuna dövlətimizin başçısı cənab İlham Əliyevin dəvət olunması, forum çərçivəsində bir sıra mühüm əhəmiyyətə malik görüş və iclaslarda iştirakı Azərbaycana və onun rəhbərinə olan hörmət və ehtiramın bariz sübutu idi.
Cənab Prezidentin ardıcıl olaraq keçirilən toplantılara qatılması və keçirdiyi görüşlər nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eyni zamanda ölkəmizin investisiya imkanları barədə dünyanın iqtisadi beyin mərkəzlərini, aparıcı şirkətlərin nümayəndələrini məlumatlandırması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin təkcə Cənubi Qafqazda deyil, beynəlxalq diplomatiyada oynadığı rolu, xüsusilə son illərdə enerji təminatında Azərbaycanın mövqeyinin artması bütün dövlətlərin diqqətini ölkəmizə yönəldir. Qeyd etməliyik ki, Davosda hər il keçirilən Dünya İqtisadi Forumu özlüyündə iqtisadi tədbir olsa da, aradan keçən müddət onu göstərir ki, Forumda iqtisadi məsələlərlə yanaşı, dünyanın geosiyasi vəziyyətindən irəli gələn digər məsələlər də müzakirə edilir.
Səfər çərçivəsində çoxsaylı görüşlərlə yanaşı dövlətimizin başçısı “Euronews” televiziyasına müsahibə verərək ona ünvanlanmış çoxsaylı sualları cavablandıraraq ölkəmizin, regionun və dünyanın geosiyasi vəziyyəti barədə önəmli fikirlər bildirdi. “Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir?” – sualını cavablandıran dövlətimizin başçısı qısa və diplomatik cavab verərək bildirdi ki, “Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir”. Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir deyən dövlətimizin başçısı vurğulamışdır ki, “artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik”. Təsadüfü deyildir ki, məhz bu əməkdaşlığın məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Avropanın enerji təminatında əsas tərəfdaşlardan birinə çevrilməkdədir.
Qürur hissi ilə qeyd etməliyik ki, böyük güclər arasında qütbləşmənin açıq-aşkar formaya keçdiyi və dünyanın yeni çağırışlarla üz-üzə olduğu mürəkkəb vaxtda Möhtərəm cənab Prezidentin müdrik siyasəti nəticəsində Azərbaycan dövləti yaranmış yeni reallıqlar fonunda mühüm tərəfdaş və enrji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mərkəz rolunu oynamaqdadır.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
