20 Yanvar xalqın qanla yazılan "Azadlıq Manifesti"dir

Akademik İbrahim Cəfərov,
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü


20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən qanlı, eyni zamanda ən şərəfli tarixi sınaqlardan biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının silahlı qüvvələri dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədərək, əslində bir xalqın azadlıq iradəsini tankların altına almağa cəhd göstərdi. Lakin bu cinayət Azərbaycan tarixində qorxu yox, milli dirçəliş və müstəqillik yolunun geri dönməzliyini təsdiqləyən dönüş nöqtəsinə çevrildi.
Hadisələrin mahiyyətinə analitik yanaşdıqda aydın olur ki, 20 Yanvar təkcə spontan etirazların nəticəsi deyildi. Bu faciəyə aparan yol 1987-ci ildən etibarən azərbaycanlıların tarixi torpaqlarından deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri, mərkəzi sovet hakimiyyətinin açıq-aşkar ikili standartları və milli iradəyə qarşı sistemli təzyiqləri ilə formalaşmışdı. Moskva artıq başa düşürdü ki, Azərbaycan cəmiyyətində imperiya düşüncəsi iflasa uğrayır və milli özünüdərk sürətlə güclənir.

Sovet rəhbərliyinin Bakıya qoşun yeritməsi hüquqi, siyasi və mənəvi baxımdan cinayət idi. Fövqəladə vəziyyət elan edilmədən həyata keçirilən bu əməliyyat nəticəsində yüzlərlə insan həlak oldu, minlərlə vətəndaş yaralandı. Qadın, uşaq, yaşlı demədən törədilən bu qırğın SSRİ-nin öz konstitusiyasını belə ayaqlar altına atdığını açıq şəkildə göstərdi. Əslində, 20 Yanvar sovet sisteminin mənəvi iflasının qanlı etirafı idi.

Bu faciəyə ilk obyektiv siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində etdiyi tarixi bəyanatla Heydər Əliyev sovet rəhbərliyini açıq şəkildə ittiham etdi və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdi. Məhz onun siyasi qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi milli yaddaşın müqəddəs sütununa çevrildi.

Prezident İlham Əliyev də 20 Yanvarı Azərbaycan xalqının azadlıq mübarizəsinin zirvəsi kimi xarakterizə edərək vurğulamışdır ki, “20 Yanvar şəhidləri müstəqil Azərbaycanın təməlini öz qanları ilə qoydular”. Bu baxış bucağı göstərir ki, faciə yalnız keçmişin ağrısı deyil, bu günkü güclü dövlətçiliyin ideoloji dayaqlarından biridir.
36 il sonra artıq tam əminliklə və qürurla demək olar ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Azərbaycan bu gün suverenliyini tam bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş, regionun aparıcı gücünə çevrilmiş dövlətdir. Xalqın 1990-cı ildə küçələrdə göstərdiyi müqavimət ruhu 2020-ci ildə Zəfər meydanında, 2023-cü ildə isə dövlət bayrağının bütün ərazilərimizdə dalğalanmasında tarixi davamlılığını tapdı.

Zaman keçsə də, 20 Yanvar xalqın yaddaşından silinmir. Hər il eyni izdihamla, eyni hüznlə və eyni qürurla Şəhidlər xiyabanına axışan insanlar bir həqiqəti təsdiqləyir: bu tarix Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir. 20 Yanvar həm matəmdir, həm də milli ləyaqətin, azadlıq iradəsinin və dövlətçilik şüurunun simvoludur.

Bu gün müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin əmanətidir. Bu əmanəti qorumaq, gücləndirmək və gələcək nəsillərə daha qüdrətli şəkildə ötürmək isə hər birimizin tarixi məsuliyyətidir. Allah şəhidlərimizə rəhmət eləsin!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər