Yunis Səfərov aclıq aksiyasına başladı

Yunis Səfərov aclıq aksiyasına başladıGəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə araşdırması apelyasiya instansiyasında davam edir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Yunis Səfərovun vəkili vəsatət verərək müvəkkili barəsində verilmiş ittihamların 29.120.1-ci maddəyə tövsif olunmasını istəyib.

Yunis Səfərov ona və digərlərinə mütəşəkkil dəstə halında birləşmə ittihamı verilməsinə görə bu ayın 23-dən etibarən aclıq aksiyasına başlayıb.

Cinayət işi üzrə digər təqsirləndirilən şəxslər və onların vəkilləri də birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər.

İttihama görə Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edib.

Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özlərini təqsirli bilmirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Hökmə əsasən digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrum ediliblər.

Məhkəmədə bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüblər. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Məhkəmə onlara öldüklərinə görə cəza təyin etməyib.