Ağsu İcra Hakimiyyəti çöllükdə yaşayan qadın barədə açıqlama yaydı - Foto
Ağsu rayon Ərəbmehdibəy kəndində, yaşayış olan yerdən təxminən 10 km aralıda çöllük ərazidə yaşayan Əzəmət Mikayılova Möhübbət qızı haqqında Ağsu Rayon İcra Hakimiyyəti açıqlama yayıb.
İcra Hakimiyyətindən Avrasiya.net-ə daxil olan açıqlamada bildirilir ki, Ağsu rayonunun Ərəbmehdibəy kəndində tənha yaşayan Mikayılova Əzəmət Möhübbət qızı 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəlib. Sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı və qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Ə.Mikayılova Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilib. Lakin, Ə.Mikayılova qardaşı ilə birlikdə yaşamaqdan imtina edib və yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa başlayıb.
O da vurğulanır ki, səhhətində problemlər olduğundan vətəndaş Ə.Mikayılova “Ağsu Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunmaq məqsədilə xəstəxanaya göndərilib.
Xatırladaq ki, həmin qadının vəziyyəti ilə bağlı dünən Sosial Xidmətlər Agentliyi də məlumatı yayıb. Məlumatda bildirilib ki, Əzəmət Mikayılova adlı vətəndaşın yaşadığı əraziyə səfər edilib:
“Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi.
Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!”.