Tovuz Peşə Liseyi Şəhid məzunlarının ailələrini ziyarət edib
Vətən Müharibəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin bir çağırışı kifayət etdi ki, ana torpağın həsrəti ilə alışıb yanan igid oğullarımız könüllü olaraq cəbhəyə yollansınlar. 30 illik yanğımız, yurd həsrətimiz məhz belə qorxmaz qəhrəmanların sayəsində sona çatdı. Dövlətimizin ali rəhbərliyinin apardığı siyasətin uğurunu bütün dünya Azərbaycanın mərdliklə düşmənin üzərinə yeriyib haqqını alan oğulların sayəsində bir daha gördü, əmin oldu ki, Azərbaycanda iqtidar-xalq birliyi ən yüksək səviyyədə təmin edilib.
Bu fikirlər torpaqlarımızın azadlığı uğrunda döyüşən, qazi olan, Şəhidlik zirvəsinə ucalan dağ vüqarlı qəhərəmanlarımızın sayəsində daha da güclənmiş oldu.
Tovuz Peşə Liseyinin məzunları da müqəddəs torpaqlarımızın azadlığı uğurunda Vətən Müharibəsi zamanı mübarizəyə qoşulublar. Onlardan 5 nəfəri - Ələkbərov Muraz Məzahir oğlu, Əhmədov Elmar Elşən oğlu, Şirinov Elmar Cəbrayıl oğlu, Əsgərov Kamran Bayram oğlu və Məmmədov Elşad Dönməz oğlu zirvələrin ən yüksəyi olan ölməzlik mərtəbəsinə, Şəhidlik adlı ucalıqda qərarlaşıblar.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Tovuz Peşə Liseyinin rəhbərliyinin göstərişilə Şəhid məzunların ailələri ziyarət edilib, onlara Liseyin Həmkarlar Təşkilatının maddi yardımları təqdim edilib, Şəhidlərimizin ruhuna dualar oxunub.
Şəhid ailələri bu cür ziyarətləri, övladlarının unudulmamasını fərəhlə qarşıladıqlarını deyib, daimi dövlət və xüsusilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət-qayğısı ilə əhatələndiklərini bildiriblər və bunu yüksək qiymətləndirdiklərini dilə gətiriblər.