“İran həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmət edib”

“İran həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmət edib”Behnam Məlikpur: “Biz mübarizəni qardaşlığımız və dostluğumuz uğrunda aparmalıyıq”

Behnam Məlikpur iki həftədir ki, İranın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə yeni attaşesi kimi fəaliyyətə başlayıb. Gənc olmağına baxmayaraq necə deyərlər, siyasətdə bişib, geniş dünyagörüşünə, savad və biliyə malikdir. Özünəməxsus keyfiyyətləri ilə də seçilənlərdəndir. Sadə və səmimiyyətinə isə söz ola bilməz. Qapısını bütün media nümayəndələrinin üzünə açıb. Ölkəmizə yeni ideya və təkliflərlə gəlib, dediyi kimi iki ölkənin media nümayəndələri arasında körpü olmağa çalışacaq, əməkdaşlığı genişləndirəcək, həmrəylik və birlik yaratmağa çalışacaq.

B.Məlikpur Təbrizdə doğulub, orta təhsilini də orda alıb. Daha sonra ali təhsilini Fars dili və ədəbiyyatı üzrə davam etdirib. Magistraturanı isə sosial-siyasət sahəsində tamamlayıb. İş fəaliyyətinə Xarici İşlər Nazirliyində başlayıb. İndi də İranın Azərbaycandakı səfirliyinin sözçüsüdür.
Dediyinə görə, İranda müvəqqəti üç aylıq, altı aylıq diplomatik kurslarında təcrübələr keçib: “Bu təcrübələr çox zəruridir, çünki həm peşəkarlığın səviyyəsini artırır, həm də işləyəcəyimiz mühitə, ölkəyə alışqanlıq yaradır. Bu arada, mən ötən il altı ay müddətinə Bakıda olmuşam. Azərbaycandan əvvəl hər hansı xarici ölkədə işləməmişəm, amma rəsmi heyətlərin tərkibində səfərlərə getmişəm. Məsələn, Türkmənistanda, Qazaxıstanda olmuşam. Rəsmi səfər çərçivəsində iki dəfə Azərbaycana da gəlmişəm - 2018 və 2019-cu illərdə prezidentimizin tərcüməçisi olmuşam”.

B.Məlikpur dedi ki, Azərbaycana təyinat xəbəri onu sevindirdi, axı yad yox, doğma bir ölkədə işini davam etdirəcək: “Əlbəttə, bu xəbər mənim üçün çox xoş oldu. Biz eyni mədəniyyəti bölüşürük. Azərbaycan bizə doğmadır, burada özümüzü ölkəmizdə - öz evimizdəki kimi hiss edirik – dilimiz bir, dinimiz, mədəniyyətimiz, məişətimiz, hətta adət-ənənələrimiz də birdir. Üstəlik, bilirik ki, burada yaşayanlar hamısı müsəlmandır, yeyilən-içilən nə varsa halaldır. Odur ki, hətta restorana, filana gedəndə də rahat oluruq. Burada özümüz, ailələrimiz üçün əlaqə qurmaq, ünsiyyət saxlamaq çox asandır və bu bizi məmnun edir. İnsanların üzündə sevinc, mehribanlıq var. Azərbaycanın hər yeri mənə doğmadır.

Diplomat işinin çox məsuliyyətli olduğunu bildirdi. Hətta dedi ki, Azərbaycan müstəqilliyini bərpa edəndən bu yana ölkələrimiz arasında əlaqələr həmişə enişli-yoxuşlu olub və buna səbəb olan çox sayda amillər var. Bunlardan ən böyüyü odur ki, Azərbaycan müstəqil olduğu 30 il ərzində müharibə şəraitində qalıb, torpaqlarının 20 faizi işğal edilib və üç onillik dövrdə həm siyasi-diplomatik, həm də hərbi müstəvidə mübarizə aparıb. Əlbəttə, bu dövrdə İran İslam Respublikası mütəmadi şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. O cümlədən, İranın ali dini lideri də ilk gündən sonadək Qarabağı Azərbaycanın ayrılmaz hissəsi və İslam dünyasının bir parçası hesab edib: “İran həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmət edib və bundan sonra da rəsmi Bakının haqq, ədalət uğrunda apardığı mübarizəni dəstəkləyəcək. Biz tarixən qonşu və qardaş ölkə olmuşuq”.

Məlikpur iki dost ölkə arasındakı münasibətləri korlamağa çalışan qüvvələrin də olduğunu və onların bu məkrli niyyətlərinə çata bilməyəcəklərini vurğuladı: “Amma bir sıra xarici ölkələr var ki, rəqabət və ya düşmənçilik mövqeyində dayanaraq İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Amma həm İranın, həm də Azərbaycanın ali dövlət orqanları həmişə dostluq əlaqələrinin inkişafına çalışaraq, üçüncü tərəflərin təxribatının qarşısında böyük iradə nümayiş etdiriblər. Ölkələrimiz arasında çox sayda iqtisadi, ticarət, enerji və yol-infrastruktur müstəvisində regional və beynəlxalq əhəmiyyətli layihələr mövcuddur. Bu layihələrdən bəziləri reallaşıb, bəziləri icra müstəvisində davam etdirilir. Şimal-Cənub nəqliyyat dəhlizi ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran layihədir, Araz çayı üzərindəki hidroqovşaqlar, o cümlədən, Xudafərin Su Elektrik Stansiyası enerji təminatı müstəvisində çox əhəmiyyətlidir. Tarix boyunca Azərbaycan İran tacirləri üçün əlverişli bazar olub və bu indi də belədir. Amma təəssüf ki, bütün dünyanın başağrısına çevrilmiş koronavirus pandemiyası başlayandan sonra sərhədlərin qapadılması səbəbindən insanlarımızın qarşılıqlı gediş-gəlişləri xeyli azalıb. Amma yenə də ümid edək ki, bu qlobal bəla tezliklə sovuşub gedəcək və bütün problemlər aradan qalxacaq. Zatən ötən həftə son iki ildə koronavirusa yoluxanların sayının ən aşağı olduğu həftə kimi qeydə alınıb. Bütün hallarda çalışıb üçüncü tərəflərin təsiri altına düşməməli və ölkələrimiz arasında tarixi dostluq əlaqələrini inkişaf etdirməliyik”.

Diplomat hər iki ölkənin mediasında xoşagəlməyən yazıların dərcinə də münasibət bildirdi. Qeyd etdi ki, bütün bunlar düşmənin dəyirmanına su tökməyə xidmət edir. İki ölkənin mediasında mütəmadi şəkildə təzahür edən neqativ yanaşmalar yalnız təəssüf doğurur: “İfadə azadlığına qarşı çıxmaq mümkün deyil. Bizim üçün vacib olan rəsmi mövqelərdir. Mən özüm İran-Azərbaycan münasibətləri ilə birbaşa əlaqəli olduğum üçün cəsarətlə deyə bilərəm ki, nə İranın, nə də Azərbaycanın rəsmi mövqeyində hər hansı mənfi hal yoxdur: hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və sair. Ayrı-ayrı şəxslərin vaxtaşırı səsləndirdiyi fikirlərə gəlincə, bu ifadə azadlığına dəlalət edir. Düşünürəm ki, iki ölkənin media qurumları ortaq komissiya yaratsınlar, hər iki tərəfdən jurnalistlər toplaşıb mənfi halları aradan qaldırmaq yollarını araşdırsınlar və əlbəttə, Xarici İşlər nazirlikləri də onlara dəstək versinlər. Məncə çox müsbət nəticə əldə olunacaq. Buna baxmayaraq, üçüncü tərəflərin təxribatçı qüvvələri və onların təsiri altına düşənlər hər zaman olduğu kimi, gələcəkdə də olacaqlar. Hesab edirəm ki, onlara fikir vermək lazım deyil. Regionda və dünyada baş verənlərdən nəticə çıxarmalıyıq. Bizim indi dost itirmək vaxtımız deyil. İmkan verməli deyilik ki, aramızdakı istiliyi soyutsunlar. Bir olmalıyıq, hər yazılana, hər deyilənə reaksiya verib, mübarizə üçün meydana atılmamalıyıq. Biz mübarizəni qardaşlığımız və dostluğumuz uğrunda aparmalıyıq”.

B.Məlikpur İran səfirliyinin mətbuat katibi olaraq Azərbaycana hansı proqramlarla gəldiyini və media ilə iş sahəsində nə kimi fəaliyyət göstərəcəyindən də söz açdı. Dedi ki, iki həftə burada olmağına baxmayaraq mediadan ona çox suallar ünvanlanıb: “Çoxlu suallar verirlər və soruşuram həmin jurnalistlərdən ki, bu məlumatları haradan eşidiblər, hara istinad edirlər, cavab verirlər ki, sosial şəbəkələrə. Əgər sosial mənbə medianın resursu olacaqsa, hər hansı xoş günlərin yaxınlaşdığını vəd etmək olmaz. Mən şəxsən fəaliyyətim ərzində çalışacağam ki, rəsmi mövqelərdən yararlanaraq suallara cavab verim. Qeyri-rəsmi, sosial şəbəkələrdəki söyləntilərlə bağlı şərh vermək lazım deyil. Sosial şəbəkələr heç vaxt rəsmi mövqeyi əks etdirmir. Baxın, mən mediaya açıqam. Hansı jurnalisti nə maraqlandırırsa mənlə əlaqə yarada bilər. Ancaq eşitdiyini yox, rəsmi məlumatlardan çıxış edib sual ünvanlasın. Azərbaycandan İrana gedib gələnlər və ya əksinə, İrandan Azərbaycana gəlib qayıdanlar hər şeyi öz gözləri ilə gördükləri üçün sosial şəbəkələrdə deyilənlərə, istənilən təxribatçı söz-söhbətlərə qulaq asmırlar. Bu səbəbdən də gediş-gəlişi artırmaq ən yaxşı çıxış yoludur və buna çalışmalıyıq. Mən də mətbuat katibi olaraq çalışacağam ki, iki ölkənin mətbuat nümayəndələrindən ibarət komissiya yaradılsın, media nümayəndələrinin səfərlərini təşkil etmək, bir sıra digər layihələri həyata keçirmək niyyətim var. Bu hər iki tərəfin xeyrinə olar, eyni zamanda bütün sahələrdə dostluğumuzu genişləndirə, möhkəmləndirə bilər”.

...Cənab Məlikpurla ilk görüşümüz tanışlıq xarakteri daşısa da, sanki, çoxdanın dostu kimi ayrıldıq. Söhbətimiz səmimi alındı. Siyasətdən, İrandan Azərbaycanın, Azərbaycandan İranın necə görünməsindən, deyilənlərdən, eşidilənlərdən, hər iki ölkənin mediadakı vəziyyətindən, bir sözlə bir çox məsələlərdən bəhs etdik, fikir mübadiləsi apardıq, təkliflərlə çıxış etdik. Bunlar bir qəzetə belə sığmaz.

Suallarımıza təmkin, təcrübəli siyasətçi kimi, dəqiq və məntiqlə cavab verən Behnam Məlikpurun böyük potensiala malik olduğuna və qarşısına qoyduğu məqsədlərə çata biləcəyinə əmin olduq. Təbii ki, onun missiyası çox ağır və məsuliyyətlidir, xüsusən də bu ağır dönəmlərdə. Bu yükü necə daşıya biləcəyini isə zaman göstərəcək. Biz ona yalnız fəaliyyətində uğurlar arzulaya bilərik.

Cavid