Pelosi haqsızlığa, cinayətə, işğala göz yumub - ALDP bəyanat verib
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatı Bəyanat qəbul edib.
Avrasiya.net-ə daxil olan Bəyanatda deyilir:
ABŞ Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edərkən, açıq-aşkar ermənipərəst mövqeyini göstərdi. Bu da, təbii olaraq, Azərbaycan ictimayyətində haqlı narazılıq yaradıb.
ALDP hesab edir ki, Nensi Pelosi Konqresin Nümayəndələr Palatasının spikeri olduğuna görə, bu onun şəxsi işidir demək olmaz. Onun bu səfəri Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirən bir səfərdir.
ALDP hesab edir ki, “ədalətdən” danışan, amma əslində ədaləti görmək istəməyən, xanım Pelosi 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsinə göz yumub.
ALDP hesab edir ki, xanım Pelosinin Ermənistanda Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqeyi, verdiyi bəyanatlar bölgədə sülhün bərqərar olmasına xidmət etmir.
ALDP bir daha bəyan edir ki, bölgədə vəziyyətin gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.