"Zatulinkimilər ermənilərin hələ çox məğlubiyyətlərinin şahidi olacaq"
«Son zamanlar Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlığın inkişafı bir sıra dairələrin narahatlığına səbəb olur. Bu narahatlıq əksər hallarda həmin dairələrin yersiz, mənasız bəyanatları ilə özünü göstərir. Məhz belələrindən biri də Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulindir. Erməni pulunun girovuna çevrilmiş Zatulin həmişə ermənipərəst mövqeyi ilə fərqlənib.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yüksələn xətlə inkişaf edir. Bu inkişafı həzm edə bilməyən ermənipərəst qüvvələr Zatulin kimi dayaz düşüncəli adamı ələ alaraq sifariş və təlimatları əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər. Qondarma bir qurumu Rus xalqının adından təbrik etmək ancaq təxribat xarakteri daşıyır. Bildiyimiz kimi, bu cür fikirlər Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk sözləri deyil. Biz əvvəllər də dəfələrlə onun ermənilərə sərf edən bəyanatlarının şahidi olmuşuq.
Deputat diqqətə çatdırıb ki, Ermənistanın məğlub durumu hələ çox Zatulinləri dilləndirə bilər. Biz qalib xalqıq. Öz dövlətimizi gücləndirmək, xalqımızın rifah halını daha da yaxşılaşdırmaq, respublikamızın dünya birliyindəki mövqeyini üst səviyyəyə qaldırmaq yolu ilə inamla addımlayırıq. Zatulinə isə bir atalar sözümüz ilə cavab veririk. «İt hürər karvan da keçər». Zatulinkimilər ermənilərin hələ çox məğlubiyyətlərinin şahidi olacaqlar.