İSBAM Ermənistanın təxribatı ilə bağlı bəyanat verib
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Ermənistanın 12 sentyabr 2022-ci il tarixində sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.
Avrasiya.net-ə göndərilən bəyanatda deyilir:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bütün beynəlxalq hüquq normalarını, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərini qəsdən pozarağ Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətmişdir. Ermənistan hərbi-siyasi rəhbərliyinin mütəmadi hal alan təxribatları Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmağa yönəlmiş və bölgədə hərbi gərginliyin artmasına səbəb olmaqdadır.
Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupları tərəfindən törədilmiş təxribat nəticəsində hərbi və mülki insanlar arasında təlafata, ərazilərimiz isə dağıntılara məruz qalmışdır.
Ermənistanın bu təxribatları 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirməmək, eləcə də, sülh danışıqlarının ləngidilməsi və ya pozulmasında maraqlı olduğunu göstərir.
Ötən dövr ərzində azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikası tərəfindən yenidən bərpa-quruculuq işləri aparılmaqdadır. Bununla bərabər keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri qaytarılması prosesi başladılmışdır. Ermənistan tərəfi bütün bunların qarşısını almağa, bu ərazilərdə görülən abadlıq işlərinin ləngidilməsinə yönəlmiş təxribatlar və beynəlxalq hüquq normalarına qarşı addımlar sərgiləyir.
Ermənistan hakimiyyətinin son hərbi təxribatlarına beynəlxalq ictimaiyyətin, BMT və digər mötəbər insan hüquqları təşkilatlarının ədalətli münasibətini tələb edirik.
Azərbaycan vətəndaş cəmiyyəti olaraq Azərbaycan Silahlı Qüvvələrinin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınmasında həyata keçirdiyi tədbirləri və regionda təhlükəsizliyin təmin olunması, dayanıqlı sülhün, ədalətin bərpa olunması üçün bütün mütərəqqi addımları dəstəkləyirik.