İrəvanın sərhəd təxribatı Kremlə qarşıdır – Moskvadan baxış
Vəziyyətin gərginləşməsi Ermənistanın revanşist dairələrinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaq cəhdidir.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
Ekspert bildirib ki, erməni revanşizminin təzahürləri ilə yanaşı, kənardan da təhriklər var:
“Xaricdəki maraqlı tərəflərə gəlincə, məncə, bunlar erməni diasporlarının təsir etdiyi ABŞ və Fransadır. Vaşinqton və Paris sülh və əmin-amanlıqda maraqlı deyil. Çünki bu, həm Zəngəzur dəhlizinin, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınması deməkdir. Xaricilər üçün isə bu, Rusiyanın Qərbin qurduğu logistika və nəqliyyat blokadasından çıxması deməkdir. Ona görə də münaqişənin genişlənməsi və alovlanması üçün həm geosiyasi, həm də regiondaxili səbəblər var”.
Korotçenko qeyd edib ki, Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi tamamilə qanunidir:
“Eyni zamanda, Azərbaycanın Qarabağın bərpasında iştirak edən mülki şəxslərə, Azərbaycan Silahlı Qüvvələrinə atəş açanlara verdiyi birmənalı və sərt reaksiya qanunidir və beynəlxalq hüquq normalarına uyğundur. Azərbaycanın bu addımı regionda təhlükəsizliyin təmin edilməsinə yönəlib”.