ABŞ Rusiyanın İrəvana hərbi dəstəyini alqışladı – Millət vəkili
44 günlük savaşda Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsaydı Qərb bunu alqışlayacaqdı. Qarabağ ermənilərinin müstəqilliyini təmin edəcək Madrid prinsiplərini də onlar təqdim etmişdi. Sadəcə, Ermənistan işğal etdiyi Qarabağ ətrafındakı əraziləri boşaltmamaq üçün onu qəbul etmədi.
Avrasiya.net xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında deyib.
“44 günlük savaş zamanı Azərbaycanın durdurulması üçün Makronun Putinə necə yalvarmasını, Fransa parlamentinin Qarabağdakı qondarma rejimi tanımasını da yaddan çıxarmamışıq. Birinci Qarabağ savaşında ABŞ qanlı separatizmlə və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi. Rusiyanın Ermənistana verdiyi hərbi dəstəyi alqışladı. 1990-cı ilin 20 Yanvarında dinc insanları Bakıda gülləbaran etmiş gorbagor Qorbaçovu dəstəklədiyi kimi. Münaqişə başlayandan bu günə qədər Qərb liderləri heç vaxt deməyiblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt, heç bir formada Rusiyanın hərbi-siyasi müttəfiqi olan işğalçı Ermənistana təzyiq etməyiblər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib Şuşaya səfərdən imtina etmək siyasi riyakarlıq deyil bəs nədir?”, - millət vəkili bildirib.
Onun sözlərinə görə, Qərbin Qarabağdakı qanlı separatizmi pisləməməsi və dəstəkləməməsilə yanaşı birbaşa Azərbaycan torpaqlarını işğal edən Ermənistana verdiyi dəstək digər sovet respublikalarında da qanlı separatizmə yol açdı:
“Ona görə də postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var. Qərb ölkələri Moldova, Gürcüstan və Ukraynadakı separatizmi pislədikləri halda Azərbaycandakı separatizmi nəinki pisləməyiblər, əksinə, humanitar yardım adı ilə Qarabağdakı separatçı rejimə yardım ediblər. İşğalçı Ermənistana bir milyon qaçqınla baş-başa qalmış Azərbaycandan dəfələrlə çox kömək ediblər. Azərbaycana da köməyi ona görə ediblər ki, Azərbaycanın enerji daşıyıcıları Avropaya çıxarılsın, Azərbaycan Rusiyanın əyalətinə çevrilməsin. ABŞ Azərbaycana sanksiyalar tətbiq edəndə Elçibəy prezident idi. Məhz bu fakt imkan verir ki, Qərbin Qarabağ məsələsində Azərbaycana dəstək verməməsini Azərbaycanda demokratiyanın olmaması ilə ört-basdır etmək istəyənlərin siyasi riyakar olduqlarını bəyan edək. Qərb Rusiyanın bölgədən getməyini o zaman istəyər ki, Qarabağ ya müstəqil ölkə olub öz təhlükəsizliyini təmin edə bilsin, ya Ermənistana birləşdirilsin, yaxud rus əsgərlərini fransız əsgərləri əvəz etsin”.