Azad Vətən Partiyası dövlət qeydiyyatına alınıb
Azad Vətən Partiyası dövlət qeydiyyatına alınıb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində cəmiyyətin hər bir üzvünün vahid mövqe nümayiş etdirməsi vətəndaş cəmiyyəti ilə iqtidar arasında birliyin əyani təzahürü olub.
Qeyri-hökumət təşkilatı kimi torpaqlarımızın işğalına son qoyulması ilə bağlı ictimai hərəkatın fəal iştirakçılarından olan Qarabağ Azadlıq Təşkilatı tarixi Qələbəmizdən sonra bölgədə yaranmış yeni reallıqlara və bununla bağlı dövlətimizin qarşısında duran mühüm çağırışlara uyğun fəaliyyət göstərmək barədə niyyətini ifadə edib.
Bu məqsədlə Təşkilat keçirilmiş qurultayında Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul etmiş və partiya olaraq ərazilərimizin azad olunması ilə qazanılmış nailiyyətlərin inkişafını, ölkəmizin dünyada qüdrətli və güclü dövlət kimi möhkəmlənməsini və s. fəaliyyətinin əsas məqsədi kimi müəyyənləşdirib.
Təşkilatın nizamnamə və proqram məqsədlərinin ölkəmiz üçün aktual və əhəmiyyətli olan məsələləri əhatə etməsi və sənədlərin qanunvericiliyə uyğun olması nəzərə alınaraq onun partiya kimi qeydə alınmasına dair Ədliyyə Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.
Sentyabrın 6-da sözügedən partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunub.