"Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir"
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Avropanın siyasi maraqları Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təminini də tələb edir. Bunun üçün ilk növbədə ikili yanaşmalara, ədalətsizliklərə son qoyulmalı, sülhə təhdid yaradanlara qarşı sərt münasibət göstərilməlidir. 02 sentyabr 2022-ci il tarixdə İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Forumda əsas qonaq qismində iştirak edən dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir. Çıxışı zamanı yüksələn xətlə inkişaf edən Azərbaycan-İtaliya münasibətlərindən danışan cənab Prezident həmçinin, dünyada cərəyan edən qlobal proseslərə toxunmuş, xüsusilə, təhlükəsizlik, qida və enerji təminatı ilə bağlı ortaya çıxan problemlərdən geniş bəhs etmişdir.
Geniş məzmunlu və əhatəli nitqindən sonra dövlət başçımıza iştirakçıların sualları ünvanlanmışdır. Cənab Prezidentin biraz ritorik səciyyə daşıyan suallara verdiyi məntiqi cavabların doğurduğu reaksiyalar isə sübut edirdi ki, Qərb siyasi dairələri və mediyası Prezident İlham Əliyevin yeni qlobal düzən beynəlxalq münasibətlər və təhlükəsizlik mövzularına dair qənaətlərinə xüsusi maraq göstərir. Xüsusilə də Rusiya ilə eyni regionda təmsil olunmağın çətinliyi barədə verilən suala cənab Prezidentin cavabı isə olduqca əhəmiyyətli və düşündürücü idi. Cənab Prezident suala cavab olaraq qeyd etdi ki, biz heç bir zaman nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırılmamışıq. Azərbaycanın müstəqil, suveren dövlət kimi hər zaman öz siyasəti olub və bu siyasət milli maraqlara söykənib. Bundan əlavə bizim siyasətimiz beynəlxalq hüquq, ədalət və müdriklik üzərində formalaşıb. Məhz milli maraqlara söykənən və balanslaşdırılmış siyasət Azərbaycan dövlətinin uğurlarından biridir. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir. Bununla yanaşı iqtisadiyyatımızın sabit və dinamik inkişafını təmin etmək məqsədilə iqtisadi yatırımlar etmişik.
Qeyd etməliyik ki, hazırda dünyanın yeni qlobal düzəninə Ukrayna böhranı fonunda kəskinləşən Rusiya-Qərb ziddiyətləri öz təsirini göstərmişdir. Hər iki tərəfin Cənubi Qafqaza olan marağını nəzərə alsaq bu ziddiyətlər bölgədə cərəyan edən proseslərdən də yan keçməyəcəkdir. Ona görə də Azərbaycan dövləti addımlarını milli maraqlara söykənən strategiyaya uyğun şəkildə atacaqdır. Çünki dünyada mövcud olan yeni reallıqlara əsaslanan düzəndə ikili standartların olmayacağına zəmanət yoxdur. Əksinə geopolitik maraqlar bir çox hallarda əsas müəyyənləşdirici faktora çevriləcək. Qeyd etməliyik ki, ölkəmiz məhz bu ikili standartlara əsaslanan beynəlxalq hüququ kənar edən davranışlarla 30 ilə yaxın üz-üzə qalmışdır. Yalnız dövlət başçımızın qətiyyəti, ordumuzun gücü və xalqımızın birliyi nəticəsində biz ədaləti bərpa edə bildik. Məhz bütün bunları nəzərə alaraq Azərbaycan dövləti üçün ən mühüm vəzifələ ölkəmizin təhlükəsizliyini təmin etmək və xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir.