Erməni politoloq: “Biz dövlətçilik mədəniyyəti olmayan millətik”

Erməni politoloq: “Biz dövlətçilik mədəniyyəti olmayan millətik”Fransa erməni təşkilatları əlaqələndirmə şurasının sədri (CCAF), “Daşnaksütun” Erməni İnqilab Federasiyası bürosunun təmsilçisi Murad Papazyandan sonra “Daşnaksütun”un daha 2 təmsilçisinin – təsisatın Niderland ofisinin sədri Masis Abramyanın və gənclər təşkilatının üzvü Süne Abramyanın Ermənistana girişinə qadağa qoyulub. Sonuncu 2 şəxs “Zvartnots” hava limanının tranzit zonasında saxlanılıblar. Murad Papazyan son açıqlamasında Paşinyan hakimiyyətinə “müharibə” elan edib və bildirib ki, Fransa erməniləri “Ermənistanı mövcud rejimdən xilas etmək üçün mübarizə aparacaqlar”.

Qeyd edim ki, 44 günlük müharibədən sonra erməni faşizminin əsas dayaqları olan erməni kilsəsi və diasporunda parçalanmalar nəzərə çarpır və xüsusilə də Fransada bu proses daha ağrılı və ziddiyyətli keçir. Ənənəvi erməni diaspor təşkilatlarına yeni alternativlər yaranır və xüsusilə də 1991-ci ildən sonra Fransaya köçən ermənilər bu prosedə daha aktiv şəkildə iştirak edirlər.

Bu xüsusda, ziddiyyətlərin səbəbləri haqqında Fransada yaşayan erməni əsilli politoloq və şərqşünas Tiqran Yeqavyanın yanaşması diqqətimi daha çox cəlb etdiyi üçün onun Ermənistan mediasına müsahibəsinin bəzi məqamlarını dəyərli oxuculara təqdim etmək istəyirəm. Beləliklə, politoloq, şərqşünas Tiqran Yeqavyan deyir: “Ermənistanla erməni diasporu arasında qarşılıqlı etimad yoxdur. Müharibə göstərdi ki, Ermənistan və diaspor arasındakı uçurum həmişəkindən daha dərindir. Demək olar ki, etimad bağı tamamilə qırılıb. İşgüzar münasibətlərin qurulması üçün sağlam bünövrə yoxdur. İndiyədək Ermənistanla erməni diasporu arasındakı əlaqələr əsasən iki istiqaməti – turizm və humanitar yardım sahələrini əhatə edirdi. Bu sıraya məhdud investisiyaları da əlavə etmək olar. Təəssüf ki, bu, təkcə indiki hakimiyyətin problemi deyil və xeyli öncə, Ermənistanda müstəqillik hərəkatından və müstəqilliyin əldə edilməsindən sonra yaranıb. Xarici erməni təşkilatları müstəqil erməni dövlətinin yaranmasına hazır deyildilər və hesab edirdilər ki, Ermənistan bununla Rusiyanın (təhlükəsizlik –E.M.) zəmanətini itirərək “pantürkizm”in hədəfinə çevriləcək. Yəni əsas problem dövlətçilik ideyası ilə bağlı idi. Ümumiyyətlə isə, xaricdə yaşayan ermənilərin siyasi düşüncəsi yoxdur. Onların Ermənistan, millət, erməni məsələsi və dövlətə münasibətdə ideyaları həddindən artıq abstraktdır. Onlar dövlətə sahib olmağın nə demək olduğunu başa düşə bilmirlər. Müharibə sübuta yetirdi ki, biz dövlətçilik mədəniyyəti olmayan millətik. Biz “millət” və dövlət” anlayışlarını fərqləndirə bilmirik. Hazırki hökumətin diaspor işləri üzrə komissarlıq ofisi yaratsa da, maraqlara söykənən əlaqələr qurmağı bacarmadı. Diaspor üçün isə Ermənistan və “arsax” abstrakt anlayışlardır. Onlar üçün əsas mövzu “soyqırım”dır. Yəni diaspor erməniləri “tarixi yaddaşa” diqqət kəsiliblər və başa düşmürlər ki, onlar Ermıənistanda sistemin yenilənməsi üçün siyasi rol oynamalıdırlar.

Sual: Sizin də təmsil olunduğunuz Fransa erməni icmasını necə, Ermənistanın ictimai-siyasi həyatı maraqlandırır?

Tiqran Yeqavyan: Fransanın erməni icmasından danışarkən, mütləq nəzərə almaq lazımdır ki, onun formalaşması üç mərhələyə bölünür: “Soyqırım” yaşayan və 1920-ci illərdə Fransaya köçən ermənilər, 1970-ci illərdə Suriya, Livan və İrandan gələnlər və üçüncü, 1991-ci ildən sonra Fransanı daimi yaşayış yeri seçən ermənilər. Sonuncular icmanın ənənəvi strukturlarında özlərinə yer tapa bilməyiblər. Bu səbəbdən də sözügedən qrupların yanaşmaları bir-birindən fərqlənir. Bütövlükdə, Fransanı Ermənistandakı ictimai-siyasi məsələlər maraqlandırmır, oradakı siyasi həyatın çətinliklərindən anlayışı yoxdur və heç bu prosesi izləmir də... Bu planda, əsasən Ermənistandan köçən ermənilər belə məsələlərlə marqlanırlar. Amma onlar da, təəssüf ki, öz strukturlarını yaratmağa çətinlik çəkirlər. Klassik diaspor təmsilçiləri ilə Ermənistandan köçən ermənilər arasında milli identikliyə münasibətdə qarşıdurmalar da müşahidə olunur. “Soyqırım” və “erməni məsələsi”nə diqqət kəsilən klassik diaspordan fərqli olaraq, yeni gələnləri Ermənistanın daxili həyatı daha çox maraqlandırır. Biz indi erməni diasporunun strukturlarının yenilənməsi ilə bağlı problemlərlə qarşı-qarşıyayıq. Hansı ki, çoxdan köhnəlib... Biz “soyqırım”ın tanıdılması ilə bağlı çox böyük vaxt itkisinə yol vermişik. Erməniliyin Fransanın ictimai həyatında, Ermənistanda və diasporda hansı rolu oynadığını anlamaq üçün gündəlik mövzularımız çatışmır...

Sual: Diaspor Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı prosesə necə yanaşır? Bu dialoqda siz Ermənistan üçün hansı perspektivlər görürsünüz?

Tiqran Yeqavyan: Burada bir-birindən fərqləndirilməsi vacib olan iki məsələ var. Biz iki dövlət arasında münasibətlərin tənzimlənməsindən danışırıqsa, o zaman diaspor heç nə deyə bilməz. Diaspor dövlət deyil. Bu məsələ İrəvanla Ankaraya aiddir və bizim müdaxilə etmək haqqımız yoxdur. Yox, əgər biz barışıqdan danışırıqsa, o zaman əcdadları “soyqırım” yaşayan ermənilərin deməyə sözü var...

Təəssüf ki, mən bu dialoqda heç bir perspektiv görmürəm. Belə bir təəssürat yaranır ki, Ermənistan Türkiyənin təzyiqlərindən yayınmaq və Azərbaycandan gələ biləcək təhlükəni neytrallaşdırmaq üçün vaxt qazanmağa çalışır. Bu məsələdə strateji baxış yoxdur və Ermənistan hakimiyyəti yalnız böhran idarəçiliyi ilə məşğul olur. Biz tarixin dərslərindən pis nəticə çıxarırıq və unuduruq ki, Türkiyə yalnız gücün dilində danışır. Əgər onun (Türkiyənin – E.M.) üstünlüyü varsa, ondan mütləq istifadə edəcək. Ərdoğan üçün diplomatiya ticarətdir və bu məsələdə Ermənistanın verə biləcəyi çox az şey var. Digər tərəfdən, Türkiyə və Ermənistan diplomatiyası bir-birindən kökündən fərqlənir. Türkiyənin diplomatiya məktəbi dünyada ən yaxşılarından biridir. Ermənistanda isə dövlətin və dövlətçiliyin nə olduğunu indi-indi başa düşməyə başlayıblar. Ona görə də bu məsələyə ehtiyatla və emosiyasız yanaşmalıyıq...

Xatırladım ki, yuxarıdakılar Fransadakı klassik erməni diasporunun təmsilçisi, politoloq, şərqşünas Tiqran Yeqavyanın fikirləridir və yalnız bizim üçün əhəmiyyət kəsb edən hissələrinin təqdimatına ehtiyac duydum. Erməni diasporunun ayrı-ayrı qrupları və diasporla Ermənistan arasında yaranmış ziddiyyətlər həm Azərbaycan, həm də Türkiyə üçün geniş imkanlar yaradır. İndi bu imkanlardan istifadə etməsək, bir müddət sonra biz də Tiqran Yeqavyan kimi gileylənmək məcburiyyətində qalacağıq.

Elçin Mirzəbəyli