Rusiyanın “Bayraktar” əldə etməsi maraqlarımıza ziddir
Rusiyanın “Bayraktar” PUA-larını əldə etməsi Azərbaycanın maraqlarına cavab vermir.
Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən söz açan politoloq hesab edir ki, Ankara “Bayraktar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına razılıq verə bilər.
"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Görüş ərəfəsində belə xəbərlər yayılır ki, Türkiyənin “Bayratdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər. Ərdoğan Putinin belə bir istəyi olduğunu son müsahibəsində də bildirib. Rusiya prezidentinin mətbuat katubu Dmitri Peskov deyilənləri təsdiq edib: “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”.
"Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşacaqmı" sualına gəlincə, Elxan Şahinoğlu bunu istisna etməyib:
"Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma var. Bu razılaşma varkən, Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir. Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın “Bayraktar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya “Bayraktar” əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?".
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Soçidə keçiriləcək görüşdə bir sıra vacib mövzuları, o cümlədən hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər. Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir.
Peskovun fikrincə, Putin və Ərdoğan arasında keçirilən hər görüş aktual mövzuları gündəmə gətirir. Bu baxımdan böyük ehtimalla avqustun 5-də hərbi-texniki əməkdaşlıq mövzusuna da toxunulacaq.
Son xəbərlər