Beynəlxalq münasibətlərlə bağlı yeni kitab işıq üzü gördü
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlinin “Qloballaşma - beynəlxalq münasibətlərdə paritetlik problemi” adlı monoqrafiyası işıq üzü görüb.
Kult.az xəbər verir ki, monoqrafiya politoloqlar, diplomatlar, beynəlxalq münasibətlərlə maraqlanan şəxslər, tələbələr və bu sahənin mütəxəssisləri üçün nəzərdə tutulub.
Kitabda qlobalaşma hadisəsi və onun inkişafı araşdırılır, əsas mərhələləri qeyd olunur, tədqiqatçıların yanaşmalarındakı fərqlərlə yanaşı, prinsipial əhəmiyyət kəsb edən ümumi cəhətləri göstərilir. Qloballaşmanın iqtisadi, siyasi və mədəni aspektləri, onun milli strukturlar və idarəetməyə, milli mədəniyyətlərə təsiri araşdırılır, qloballaşmanın müasir beynəlxalq münasibətlərdə yeni konsepsiya kimi meydana gəlməsi səbəbləri nəzərdən keçirilir. Cəmiyyətlərdə və siyasi sistemlərdə qloballaşma prosesinə münasibətdə fərqlərin və ümumi cəhətlərin ideya-siyasi və elmi-metodoloji əsası göstərilir.
Monoqrafiyada qloballaşmanın inkişafı nəticəsində beynəlxalq münasibətlər sisteminin aktorlarının funksiyalarındakı dəyişikliklər arasında əlaqə və asılılıq nəzərdən keçirilir, onun beynəlxalq münasibətlərə təsiri tədqiq olunur. Habelə, idarəetmənin dövlət forması ilə dünya miqyasında iqtisadi, siyasi və mədəni sahələrdə təzahür edən qloballaşma prosesi arasında uyğunluq və ziddiyyətlərin beynəlxalq münasibətlər sisteminin strukturuna təsiri araşdırılır.
Eyni zamanda, qloballaşmanın beynəlxalq münasibətlər sistemində paritetliyi təmin etməsi, yoxsa başlıca aktorlar arasında qeyri-bərabərliyi gücləndirməsi fikirləri geniş təhlil olunur, özünü göstərən ayrıseçkilik, ədalətsizlik təzahürləri tədqiqat obyektinə çevrilir. Beynəlxalq münasibətlərdə qütbləşmə meylləri, birqütblü, ikiqütblü, yoxsa çoxqütblü sistemin dünyanın sabitliyi və inkişafı baxımından daha münasib olması istiqamətində müqayisəli təhlillər aparılır, qloballaşmanın imkanlarından faydalanaraq dünyanı vahid mərkəzdən idarə etmək iddialarını, bunun beynəlxalq sistemə müsbət və mənfi təsirləri geniş şəkildə tədqiq olunur.
Monoqrafiyada beynəlxalq münasibətlərin aktorlarının daha paritet, təhlükəsiz və sabit dünya nizamının formalaşması üçün zəruri olan fəaliyyəti ilə bağlı təkliflər irəli sürülür, getdikcə sürətlənən qloballaşma prosesi kontekstində özünü göstərən təkqütblülük, qeyri-bərabərlik, haqsızlıq və ədalətsizliyin nəticəsi kimi təzahür edən ziddiyyətləri aradan qaldırmaq üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələr verilir.
Qeyd edək ki, bir neçə il öncə çox az sayda çapdan çıxmış bu monoqrafiya aktuallığı nəzərə alınaraq yenidən nəşr edilib.