Sizin Reklam Burada

"Dövlətin yeganə hədəfi vətəndaşının mənafeyini qorumaq və təhlükəsizliyini təmin etməkdir"

"Dövlətin yeganə hədəfi vətəndaşının mənafeyini qorumaq və təhlükəsizliyini təmin etməkdir"İyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayında görülmüş işlərin yekununa həsr edilmiş hesabat iclası keçirilmişdir. Hesabat iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2022-ci ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

Heç kimə sirr deyil ki, davamlı islahatlar, dünya siyasətinə, iqtisadiyyatına inteqrasiya və uğurlu iqtisadi inkişaf Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha artırır. Cənab Prezidenti çıxışında Qoşulmama Hərəkatındakı uğurları xüsusi qeyd edərək bildirir ki, Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.

Ümumuyyətlə Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə verib. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.

Dövlət ba.çısı həmçinin vurğulayır ki, Azərbaycan sözünə sadiq qalan bir ölkədir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır.

Geniş çıxışı zamanı cənab İlham Əliyev daha bir neçə önəmli məsələyə doqqəti çəkmişdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır. Avropa İttifaqının Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 18-də ölkəmizə səfəri zamanı arıq bu istiqamətdə bir sıra sənədlər imzalanmışdır.

Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.

Eləcə də Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olduğundan Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır.

Bu gün Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmaqdadır. Qeyd olunur ki, hər iki ölkənin yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Bu əlaqələrin həm böyük tarixi və həm də gözəl gələcəyi var.

Bütün bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada.
Azərbaycan – Ermənistan əlaqələrinin normallaşdırılmasından danışan dövlət başçısı bildirdi ki, cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.

Delimitasiya üzrə işçi qruplarının birinci görüşünü xatırlayan İlham Əliyev bildiri ki, bu görüşü müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meylli deyil.

Lakin bu və ya digər məsələlərin həlli istiqamətində Ermənistan yenə də əngəllər törətməyə, müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib.

10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır. Bu Bəyannamə faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu Bəyənnaməyə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyi əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür.

Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib.

Cənab Prezident son vaxtlar Ermənistan rəhbərinin yenə də hansısa status haqqında danışmağanı önə çəkərək bildirdi ki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir.

Minsk qrupunun tam fəaliyyətsizliyinə diqqəti çəkərək bildirdi ki, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub.

Cənab İlham Əliyev çıxışı zamanı hesabat dövrü ərzində hərbi sahədə də aparılan islahatlardan danışıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s.

Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.

Ən müasir texnologiyalarla təchiz edilmişdir reabilitasiya mərkəzləri yaradılmışdır. Xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.
Çıxışı zamanı cənab Prezident işğaldan azad olunmuş torpaqlarda böyük vüsət alan bərpa və yenidənqurma işlərindən danışaraq bildirmişdir ki, Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik.

Bu il orta əməkhaqqı 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir.
Çıxışında cənab İlham Əliyev bir daha mesaj verərək elan etdi ki, İqtisadi müstəqillik siyasi müstəqilliyi təmin edir. Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz.

Son altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər.

Nəticədə iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biridir.
Bu gün dünyada baş verənlər fonunda Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. İl yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik.

Bir sıra sahələrdə, xüsusən də enerji təhlükəsizliyi sahəsində ölkəmiz öndə gedənlər sırasındadır. Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu sahədə çox böyük perspektivlər var. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

Qaz yataqlarının işlənməsi və qaz hasilatı məsələsinə diqqət çəkən dövlət başçısı bildirdi ki, hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir.

Eləcə də geridə qalan bu müddət ərzində tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir.

Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Gəmiqayırma zavodu tam gücü ilə işləməlidir. Zavod lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir. İldə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik.
Azad olunmuş torpaqlarımızda aparılan işlərdən söhbət açan İlham Əliyev qeyd elədi ki, işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Bütün tender prosedurları keçir, şəffaflıq tam təmin olunur, heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək.

Bu işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.

Gələcək perespektivlər barədə danışan zaman bildirdi ki, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaqdır. Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. İçməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var.

Ölkəmizin investisiya iqlimi daha da yaxşılaşdırmalıdır. Xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz.
Ölkə üçün vacib məsələlərdən biri də kadr hazırlığı məsələsidir. Xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramı yenidən işə salınıb.

Artıq keçmiş məcburi köçkünlərin böyük qayıdışına başlanılıb. Onlar yenidən ata-baba torpaqlarında yaşayacaq, fəaliyyət göstərəcək. Bu insanlarımızın bundan sonrakı fəaliyyətinə diqqət çəkərək cənab Prezident bildirdi ki, bu insanlar arasında ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik.

Kölgə iqtisadiyyatı ilə mübarizə davam edir. Çıxışında cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır.

Hər zaman olduğu kimi Azərbaycan Respublikası Prezidentinin bu çıxışında da bir daha aydın olundu ki, dövlət başçısının yeganə məqsədi xalqın mənafeyi, dövlətin qüdrətlənməkdə davam etməsi və ölkənin təhlükəsizliyinin təmin edilməsidir.

Pənah İmanov
politoloq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər