"Türkiyə dövləti və milləti sarsılmaz gücə sahibdir"
Bu gün qardaş Türkiyədə Demokratiya və Milli Birlik Günü qeyd olunur. Bildiyimiz kimi 6 il bundan öncə - 2016-ci il iyulun 15-də bəzi dünya güclərinin "maşa"sı rolunda çıxış edən FETÖ örgütü Türkiyədə dövlət çevrilişinə cəhd göstərmişdi. Bu, Türkiyənin suverenliyiniə, dövlətçiliyinə, milli birliyinə və demokratiyaya zərbə vurmaq, qardaş ölkənin tərəqqiyə doğru yolunu bağlamaq, türk xalqını yenidən orta əsr cəhalətinə sürükləmək cəhdi idi.
Onlar Türkiyədə Səudiyyə Ərəbistanı və ya İran modelinə uyğun teokratik rejim bərqərar etmək, bu ölkəni sivil dünyadan təcrid etmək istəyirdilər. Lakin onların bu istəklərinin, cəhdlərinin qarşısı böyük qətiyyətlə alındı. Türk xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşdi, dövlətçiliyə və demokratiyaya sahib çıxdı, Türkiyəni qaranlığa sürükləmək istəyən qüvvələrin dərsini verdi, dövlətçiliyə qarşı yönəlmiş xain planların qarşısını aldı. Bu əsl milli birlik, həmrəylik nümunəsi, millətlə dövlətin vəhdətinin təntənəsi idi.
Türk xalqı həmin gün tarixi yeni başdan yazdı. Ona görə də, türk xalqının 15 iyulu Demokratiya və Milli Birlik Günü kimi qeyd etməyə tam haqqı çatır. Bu gün türk xalqının və dövlətinin birlik və bərabərlik günü, müasirliyə və demokratik ənənələrə sadiqliyin sözdə deyil, əməldə özünü təsdiqlədiyi gündür. Biz Milli Həmrəylik Partiyası olaraq həmin gün əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş qardaş türk xalqı ilə həmrəyliyimizi ifadə edir, 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı canlarını fəda edən türk şəhidlərinin əziz xatirəsini dərin hörmət hissilə yad edirik.
Türkiyə dövləti və milləti sarsılmaz gücə sahibdir. Bu dövləti, bu milləti heç bir xain qüvvə təməl hədəflərindən, inkişaf yolundan sapdıra bilməz. Azərbaycan da “Bir millət, iki dövlət” fəlsəfəsindən yola çıxaraq hər zaman qardaş Türkiyənin yanında olmağa, ona dəstək verməyə davam edəcək. Bizim gücümüz birliyimizdədir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri