Zəngilan səfəri siyasi dialoqun davam etdirilməsidir

Zəngilan səfəri siyasi dialoqun davam etdirilməsidir44 günlük Vətən Müharibəsindəki tarixi Qələbəmizdən sonra bölgədə yeni geosiyasi reallıqlar formalaşdığı kimi, Azərbaycanın ictimai-siyasi mühitində də yeni ənənələr təşəkkül tapmaqdadır. Bu ənənələrdən biri də siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə dövlət səviyyəsində ardıcıl səfərlərinin təşkil edilməsidir. Partiya sədrlərinin, siyasi şərhçilərin və media nümayəndələrinin ötən gün baş tutan Zəngilan səfəri də bu yeni ənənənin davamlılığının göstəricisidir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən Zəngilan səfərində sözügedən şöbənin müdiri Ədalət Vəliyevlə bərabər, 40 siyasi partiyanın rəhbəri, 6 politoloq və 20-yə yaxın KİV nümayəndəsi təmsil olunurdu.

Mən bu səfərimizi həm təşkilatçılıq baxımından, həm də siyasi və mənəvi-psixoloji nöqteyi-nəzərdən uğurlu, yaddaqalan səfər kimi qiymətləndiririrəm. İqtidar rəsmilərinin və müxalifət partiyalarının birlik, həmrəylik ab-havası şəraitində işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili xoş bir ənənə halını almaqla bərabər, həm də cəmiyyətimizə və dünyaya çox önəmli ismarıc vasitəsidir.

Bu səfərlərə ilk növbədə son illərdə ölkəmizdə iqtidarla siyasi partiyalar arasında təşəkkül tapmaqda və dərinləşməkdə olan dialoq mühitinin əyani təzahür forması kimi baxmaq lazımdır. Bundan əvvəl Ağdam və Şuşaya yollanan partiya sədrləri və iqtidar rəsmiləri siyasi dialoq mühitinin formalaşdırılması üçün etibarlı zəmin yaratmışdılar. Zəngilan səfərimiz isə siyasi uzlaşmanın və dialoqun uğurla davam etdirilməsi üçün daha isti və səmimi ortam yaratdı.

Prezident İlham Əliyevin himayəçiliyi ilə baş tutan bu səfərlər iqtidar-müxalifət münasibətlərini və siyasi konfiqurasiyanı keyfiyyətcə yeni müstəviyə daşıyır. Bu baxımdan, Zəngilan səfərini siyasi dialoqun davam etdirilməsi və birlik, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış daha bir addım kimi dəyərləndirirəm.

Səfərin marşrutu da uğurlu seçilmişdi. Belə ki, biz əvvəlcə Cəbrayıl rayonuna səfər etdik, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən Aprel döyüşlərinin simvoluna çevrilən Lələtəpə ətəklərində minaların zərərsizləşdirilməsi prosesini əyani şəkildə izlədik. Sözügedən agentliyin qəhrəman və peşəkar əməkdaşları ərazidə aparılan minatəmizləmə əməliyyatlarının gedişatı barədə bizə ətraflı məlumat verdilər.

Zəngilan rayonunda isə bərpa-quruculuq işləri ilə, həmçinin Ağalı kəndində uğurla həyata keçirilən ilk "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olduq. Qeydedim ki, Zəngilanda aparılan bərpa-quruculuq işləri öz sürətliliyi və əhatə dairəsinin genişliyi ilə dərhal diqqəti cəlb edir. Orada gördüklərimiz bizim hamımızı həm çox sevindirdi, həm də qürurlandırdı. Dövlətimizin gücü ilə, potensialı ilə, əzmkarlığı ilə gerçəkdən qürur duyduq. Bunca nəhəng miqyaslı işlər heç bir xarici yatırımlar olmadan, beynəlxalq təşkilatlardan kreditlər istənilmədən, yalnız öz dövlətimizin resursları ilə həyata keçirilir. Bununla qürur duymamaq mümkün deyil.

Amma bu o demək deyil ki, beynəlxalq təşkilatlar da erməni vandalizminin ağır nəticələrinin aradan qaldırılması prosesində ölkəmizi tək buraxmalıdırlar. Onlar Azərbaycana ən azından minaların təmizlənməsində və işğalçı ölkənin bizə təzminat ödəməyə məcbur edilməsində ciddi dəstək verə bilərlər. Əfsuslar olsun ki, biz bu istiqamətdə hələlik ümumi bəyanatlardan başqa heç nə görmürük. Ancaq bütün hallarda ümid edirik ki, beynəlxalq təşkilatlar quru vədlərdən və bəyanatlardan əməli işə keçəcəklər.

Mən işğaldan azad edilmiş Zəngilana belə bir səfərin təşkil ediləcəyini eşidəndə sözün düzü, çox sevindim. Çünki Zəngilan da mənə doğma Qubadlım qədər çox əzizdir. Zəngilanla Qubadlı rayonu bir-birilə qonşudur. Mənim uşaqlıq illərim həm də Zəngilanda keçib. Həkəri çayı uşaqlıq xatirələrimin ən unudulmaz məkanlarından biridir. Ona görə də Zəngilana səfər etməyimiz məni çox duyğulandırdı.

Zəngilandan doğma Qubadlımın torpağının ətrini, boya-başa çatdığım Xanlıq kəndinin havasını aldım. Xüsusən də Həkəri çayına balıq buraxmağımız bu səfərin ən maraqlı anlarından biri oldu. Biz uşaq vaxtı burada balıq tutardıq. İllər sonra isə Həkəri sularına siyasətçi həmkarlarımızla birlikdə körpə balıqları ərmağan etdik. Bu yerlərin torpağı da, çayları da, gölləri də çox bərəkətlidir. "Böyük Qayıdış" baş tutandan sonra inşAllah bu yerlər yenə də əvvəlki barlı, bərəkətli günlərinə geri dönəcək. Buna heç bir şübhəmiz yoxdur.

Zəngilan Şərqi Zəngəzurun ən önəmli, strateji məntəqələrindən biridir. Təsadüfi deyil ki, regionun ilk "ağıllı kəndi" də məhz Zəngilanda araya-ərsəyə gətirilib. Zəngilan Beynəlxalq Hava Limanının inşası da uğurla davam etdirilməkdədir. Çox güman ki, bu hava limanı da 2022-ci ilin payız aylarında tikilib istifadəyə veriləcək. Beləliklə, Zəngilan bu gün "Böyük Qayıdış"a hazırlığın əsas mərkəz nöqtələrindən birinə çevrilməkdədir.

Ümumiyyətlə isə, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması bütövlükdə misli görünməmiş nəhəng bir layihədir. Bizim dövlətimiz bütün bu işləri az öncə də qeyd etdiyim kimi heç kimdən kömək ummadan, öz gücüylə edir. Biz də partiya sədrləri olaraq hər zaman öz Dövlətimizin, Prezidentimizi və Ordumuzun yanındayıq. Biz milli birliyimiz naminə görülən bütün işləri qeydsiz-şərtsiz dəstəkləyirik. Mənfur erməni işğalından azad edilmiş ərazilərimizin dirçəlişinə hər birimiz öz töhfəmizi verməliyik.

Bu torpaqlar uğrunda öz canlarından keçmiş şəhidlərimizi unutmamaq və unutdurmamaq isə vəfa borcumuzdur. Onların ruhları qarşısında baş əyir, qazilərimizlə qürur duyuruq. Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanımızın ən gözəl məkanlarına çevriləcəyi gün uzaqda deyil.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri