“Bu forum dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür”
Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna doqquzuncu dəfə ev sahibliyi edir. Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda yenə də dünyaca çox önəmli şəxslər iştirak edir. Forumda 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev “Xalq Cəbhəsi”nə deyib ki, belə forumlara ev sahibliyi edən Bakının dünyada mövqeyi güclənir. Onun sözlərinə görə, artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib.
“Bu baxımdan bu forum xüsusi əhəmiyyətə malikdir. Nüfuzlu siyasi xadimlərin, dövlət rəsmilərinin bu forumda iştirakı, formula bağlı fikirləri tədbirin əhəmiyyətini bir daha göstərir. Prezident İlham Əliyev də ənənvi olaraq budəfəki çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Bu gün dünyada Azərbaycanın özünəməxsus yeri var. 44 günlük Qarabağ zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib.” – deyib ALDP sədri.
Prezident düzgün olaraq bu forumda qeyd edib ki, bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür: “Azərbaycan bu istiqamətdə ilk addımı atmaq üçün artıq öz təkliflərini irəli sürüb və bu məsələni Gürcüstan tərəfi ilə müzakirə edib. Gürcüstan hökuməti dialoqu başlatmaq üçün Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Lakin Ermənistan tərəfi bundan imtina edir. Bunun səbəbini bilmirəm və heç bir əsaslı izah tapa bilmirəm.
Bildiyim qədər, hətta Avropa institutlarından biri də bu təkliflə çıxış edib, amma yenə də rədd cavabı verilib. Əgər Ermənistan sülh istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq”. Deyə bilərik ki, geosiyasi cəhətdən olduqca həssas regionda yerləşən Azərbaycan hər zaman bütün qonşuları ilə mehriban qonşuluq və sülh şəraitində yaşamağın tərəfdarı olub. Ölkəmiz Qarabağ probleminin artıq tarixdə qaldığını və sülh üçün addımların atılmasının önəmini vurğulayır. Azərbaycan yeni səhifə açaraq sülh üçün ikili münasibətlərin bərpa olunması naminə addımlar atmağa hazırdır. 30 il ərzində üçüncü ölkələrin əlində oyuncaq olan Ermənistan nəhayət ki, öz dövlətini qurmaq istəyirsə, qalib ölkəmizin sülh təkliflərini mütləq şəkildə dəyənləndirməlidir. Azərbaycan onsuzda güc yolu ilə də olsa, istəyinə nail olub”.
F.Əliyev onu da qeyd edib ki, beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, burada müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədardır: “Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir”.
Qüyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib ki, pandemiya ilə əlaqədar Forumun ənənəvi olaraq keçirildiyi zamanda dəyişiklik olduğundan, növbəti Forum gələn il martın ortalarında baş tutacaq.