Xalq etibar etdi və yanılmadı

Xalq etibar etdi və yanılmadıİyunun 10-12-də Bakıda keçirilən sayca altıncı Formula-1 yarışlarının dünyada 500 milyonadək sabit izləyicisi var. Bu o deməkdir ki, hər il yarım milyard insan Azərbaycan paytaxtında baş tutan bu idman yarışına baxır və ölkəmiz haqqında ən azı minimum məlumat əldə edə bilir. Niyyətim heç də Azərbaycan Qran-Prisinin turizm potensialını analiz etmək deyil. Bu kimi mötəbər idman hadisəsinin keçirilməsi üçün dövlətin beynəlxalq aləmdə möhkəm və sabit siyasi-iqtisadi reputasiyası olmalıdır.

Azərbaycanda son illər ərzində beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşdırılması üçün kilid amil məhz reputasiyadır. Ancaq 29 il öncə bu barədə nəinki xəyallar qurmaq, düşünmək belə mümkün deyildi. Ölkəmiz vətəndaş qarşıdurması burulğanına qərq olmuşdu, gənc dövlətçiliyimizə şübhə obyektivi prizmasından baxılır, xalqımızın taleyi naməlum və qaranlıq idi.

Bu gün qeyd etdiyimiz Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini illər keçdikcə daha dərindən anlayırıq. İyunun 15-də biz həm də Azərbaycanla qardaş Türkiyə arasında Şuşada imzalanmış strateji tərəfdaşlığı əks etdirən bəyannamənin bir yaşını qeyd edirik. Cəmi üç onillik öncə dünyanın siyasi xəritəsinə yenicə çıxmış Azərbaycan dövlətinin məhv təhlükəsi ilə üz-üzə qaldığını xatırlasaq, sonra isə dərhal yaşadığımız zəfərli, işğaldan azad edilmiş torpaqlarımızda sürətli bərpa işlərinin getdiyi dövrə dönsək, müstəqil dövlətimizin liderinin 30 il beynəlxalq birliyin göz yumduğu və bunu bir növ regional balansın təzahürü kimi qiymətləndirdiyi düşmən işğalı altında olmuş Şuşada, Qarabağın mərkəzində belə bir sənəd imzalamaq qətiyyəti Qurtuluş Gününün müasir tariximizdəki yerini aydın təsvir edir.

Bizim nəslin təmsilçiləri 30 il əvvəl ölkəmizdə, xüsusilə də paytaxt Bakıda yaşanan xaos və dərəbəyliyin, dövlət aparatındakı çaşqınlığın, idarəetmə sistemindəki naşılığın, kütləvi ictimai narazılığın, iqtisadi tənəzzülün və bütün bunların məntiqi nəticəsi kimi ardıcıl hərbi məğlubiyyətlərin səbəblərini anlamaq iqtidarında deyildi. Bunun üçün biz gənclərin, yeniyetmələrin minimum siyasi dünyagörüşü, savadı çatmırdı. Ancaq olub-keçənləri bu gün xatırlamaq üçün hər birimizin yaddaşı var idi. Küçələrdə silahlı şəxslərin istədikdə bu silahdan istifadə edə bilməsi, ölkəboyu sanki erməni işğalını bitiriblər kimi silahlı dəstələrin min oyundan çıxmalarını unutmamışıq.

Siyasi hakimiyyətin Qarabağ üzrə təyin etdiyi məsul şəxsin vəzifə səlahiyyətlərini aşıb dövlətə qarşı silaha əl atması, bundan istifadə edən namərd düşmənin yaşayış məskənlərimizə od vurması, xalqımızın övladlarını qətlə yetirməsi, erməni faşistlərindən qaçan və Bakıya doğru pənah aparan əhalinin gündən-günə artması yaddaşlarımızdan silinməyib. Necə ki, çörəklə imtahana çəkildiyimizi də yaxşı xatırlayırıq. Bu gün Ukraynada baş verənləri izləyib bunun dünyada çörək qıtlığına səbəb ola biləcəyindən təlaşlanırıq, bir-birimizə “bu realdırmı?” sualını veririk. Ancaq 30 il öncə uzun çörək növbələrində dayanmağımızın səbəbi Ukrayna ilə Rusiya arasındakı müharibə deyil, Azərbaycanda yaşanan dərin siyasi, iqtisadi və ən faciəvisi budur ki, mənəvi deqradasiya, böhran idi. İndi dördrəqəmli inflyasiyanı təsəvvür edə bilərikmi? Çətindir, amma biz onu da yaşamışıq - 1993-cü ildə inflyasiya faizi 1700 həddində idi. Bu gün isə tək hərbi büdcəmiz 30 il əvvəl torpaqlarımızı işğal etmiş düşmənin bütöv dövlət büdcəsindən böyükdür.

Qurtuluş Gününün bizim üçün anlamı, əhəmiyyəti nədir? İlk növbədə sülh, rifah, sabaha inam, iqtisadi təməl, təhlükəsizlik, dövlət təminatı. Bütün bunlar isə məcmu halda Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız zəfərimizdir. 15 iyunda Ulu öndər Heydər Əliyevin imzası və xalqımızın dəstəyi ilə uzun və şərəfli yola çıxmış müasir dövlətçiliyimizin əsası qoyulub. Prezident İlham Əliyev bu özül üzərində qurulmuş dövlətimizi iqtisadi, diplomatik, hərbi qələbələrə çatdırıb. Bu gün hər birimizin bu şanlı yolda növbəti qələbələrə, xalq və dövlət olaraq qarşımıza qoyduğumuz məqsəd və hədəflərə çatacağımıza inam və əminliyimiz var.

Müstəqillik tariximiz böyük ölçüdə məhz bu gündən – 15 iyun 1993-cü ildən başlayır. Bu tarixin müəllifi, qəhrəmanlıq təqvimimizə daxil olmasının səbəbkarı şübhəsiz ki, müdrik xalqımızdır. Çünki Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə məhz Azərbaycan xalqının təkidli tələbi, istəyi və xahişi ilə gəldi. Gəldi və bu günkü firavan, sabit, qalib, başıuca reallığımızın əsasını qoydu. Biz 2020-ci ilin sonundan etibarən zəfərli günlərimizi yaşayır, ordumuzla fəxr edir, qazilərimizlə öyünür, şəhidlərimizə rəhmət diləyirik. Biz daha miqyaslı baxarkən bir xalq olaraq özümüzlə fəxr etməliyik, çünki bu qələbəyə doğru bizi aparan zəncirvari proseslər, olaylar var. Və bu hadisələrin əsas aparıcı qüvvəsi Azərbaycan xalqı, başlanğıc nöqtəsi isə 15 iyun Qurtuluş Günüdür. Həmin gün ki, xalqımız tariximizi, taleyimizi, bir dövlət olaraq qalacağıq, ya məhv olacağıq deyə müqəddəratımızı Ulu öndərə etibar etdi. Etibar etdi və yanılmadı!

Elnur Allahverdiyev,
Milli Məclisin deputatı