Sizin Reklam Burada

"Şuşa Bəyannaməsinin imzalanması gücümüzə güc qatdı"

"Şuşa Bəyannaməsinin imzalanması gücümüzə güc qatdı"Ən yeni tariximizin qızıl hərflərlə yazılan möhtəşəm hadisələrindən biri də Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu tarixi əhəmiyyətli strateji sənədin imzalanmasından 1 il ötür. Əlamətdar haldır ki, Şuşa Bəyannaməsinin imzalandığı gün Milli Qurtuluş Günümüzə təsadüf edib. Artıq 30 ilə yaxındır ki, 15 iyun - Milli Qurtuluş günü Azərbaycan xalqının həyatında xüsusi önəmli tarixi hadisə kimi qeyd edilir. Lakin 2021-ci ildən etibarən isə 15 iyun tarixinin Azərbaycan xalqı üçün əhəmiyyəti daha da artdı. Belə ki, bir il bundan əvvəl məhz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyənin Prezidenti Rəcəb Tayib Ərdoğanı ilk dəfə azad Şuşada rəsmi törənlə qarşıladı və iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı.

Ötən bir il ərzində “Bir millət, iki dövlət” anlayışına köklənən qardaşlığımız daha da möhkəmlənib, dövlətlərarası əlaqələrimiz isə bütün sahələr üzrə genişlənib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin bu günlərində Şuşaya səfər etməsi ilə münasibətlərimizin yeni mərhələsinə start verildi. İndi həm Şuşada, həm də işğaldan azad olunmuş digər ərazilərimizdə iki qardaş ölkənin dövlət bayraqları yanaşı dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri birlikdə həyata keçirilir, qardaş Türkiyədən gələn şirkətlər bu prosesdə yaxından iştirak edirlər. Biz bütün məsələlərdə birlikdə, çiyin-çiyinə dayanaraq fəaliyyət göstərir, səylərimizi və gücümüzü birləşdiririk.

Şuşa Bəyannaməsinin imzalanması isə gücümüzə güc qatdı. Beləliklə, bütün dünyada bir millət, iki dövlət kimi tanınan Türkiyə və Azərbaycanın birliyinin əbədi olduğu gerçəyi ən mühüm strateji sənədlə bir daha təsdiqlənmiş oldu. Bu Bəyannamə Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirdi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınmasına start verdi.

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqlik sənədidir, yeni münasibətlər platformasıdır. Bu platforma Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələri ni daha da genişləndirir və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, beynəlxalq müstəvidə birgə əməkdaşlıq və sair sahələri tam şəkildə əhatə edir.

Bəyannamə Azərbaycan və Türkiyə birliyi formatında Cənubi Qafqazda və bütövlükdə bölgədə yeni regional düzənin başlandığını göstərdi. Və bu yeni düzənin tam mərkəzində Azərbaycan-Türkiyə müttəfiqliyi həlledici amil, istiqamətverici vektor rolunu oynayacaq. Belə ki, sözügedən Bəyannamədə iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb.

Yəni ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bu da o deməkdir ki, bundan sonra Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verəcəyi təqdirdə qardaş Türkiyə dövləti öz ordusu ilə ölkəmizin yanında yer alacaq. Bu tamamilə yeni münasibətlər sistemidir və Rusiya, İran kimi geosiyasi “iştah”ları bitib-tükənməyən, Azərbaycana qarşı zaman-zaman çeşidli təxribatlara və təzyiqlərə yol verən ölkələrə açıq mesajdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından birində söylədiyi sözlər Şuşa Bəyannaməsinin əsas qayəsini göstərir: “44 günlük Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer aldı. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir”.

İki qardaş ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi bizim tarixi nailiyyətimizdir. Və onu da qeyd etmək lazımdır ki, Şuşa bəyannaməsinə təkcə Azərbaycanla Türkiyənin əbədi birliyini, sıx müttəfiqliyini təsdiqləyən, rəsmiləşdirən sənəd kimi baxmaq lazım deyil. Bu sənəd eyni zamanda regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün olduqca geniş imkanlar açır.

Bölgədəki digər dövlətlər də “3+3” formatında Azərbaycan-Türkiyənin regional əməkdaşlıq təşəbüsünə qoşulacaqsa, o zaman Cənubi Qafqaz bölgəsi bütövlükdə sabitlik və inkişaf, əməkdaşlıq və təhlükəsizlik məkanına çevriləcək, bölgə xalqlarının tərəqqisini və firavan həyatlarını təmin edəcək.

Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi həm Azərbaycan və Türkiyənin bölgədəki nüfuzunu və rolunu daha da artıracaq, həm də bütün bölgə ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.

Şuşa Bəyannaməsi Türk dünyasının gələcəyi baxımından da çox önəmli geosiyasi instrumentdir. Türkiyə-Azərbaycan strateji mütəffiqliyini növbəti mərhələyə daşıyan bu sənəd, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) digər üzvləri üçün də mükəmməl nümunə ola bilər. Qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi üçün zənnimcə, bu sənəd ən yaxşı “yol xəritəsi”dir.

Bu baxımdan, biz tam əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin imzalanması ilə tamamilə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri həm region üçün, həm də Türk dünyası üçün həqiqətən də etibarlı sülh, sabitlik və tərəqqi mənbəyidir. Bəyannamənin Şuşa şəhərində imzalanması dostlarımıza da, düşmənlərimizə də çox önəmli ismarıcdır. Mən əminəm ki, illər sonra biz və varislərimiz bu Bəyannamənin 10 illiyini, 50 illiyini, 100 illiyini də bugünkü kimi təntənəli surətdə qeyd edəcəyik. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, əbədidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər