"TEKNOFEST Azərbaycan” Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin parlaq təzahürüdür

"TEKNOFEST Azərbaycan” Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin parlaq təzahürüdürAzərbaycan və Türkiyə münasibətiləri qədim tarixi köklərə malikdir. Tarixə nəzər salsaq aydın görərik ki, bütün dövrlərdə iki qardaş ölkə daim bir-birinə dayaq olub, keşməkeşli günlərimizdə, ciddi sınaqlarla üz-üzə qaldığımız vaxtlarda, eləcə də sevincli günlərimizdə qardaş dəstəyi hər zaman bir-birinin köməyinə yetişib. Sevindirici və qürurlandırıcı haldır ki, bu qardaşlıq və dostluq illərlə öz möhkəmliyini və sadiqliyini qoruyub, saxlayıb və gələcək nəsillərə ən böyük və əvəzsiz miras kimi ötürülür. Azərbaycanla Türkiyə arasındakı münasibətlər bütün sferalarda uğurla və xalqımızın maraqlarına cavab verəcək bir şəkildə davam edir. Bu münasibətlər isə öz növbəsində dövlətlərimiz və xalqımızı daha da qətiyyətli və güclü edir.

Ulu öndərlərimiz, görkəmli dövlət xadimləri, dahi şəxsiyyətlər Heydər Əliyev və Mustafa Kamal Atatürk Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu çox gözəl və dəqiq ifadə edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, “Biz bir millət, iki dövlətik”, ulu öndər Mustafa Kamal Atartürk isə “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” fikirləri ilə bu həmrəyliyimizi və birliyimizi ən yüksək səviyyədə göstərmişdir.

Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST Azərbaycan”ın Türkiyədən sonra ilk dəfə olaraq Azərbaycanda keçirilməsi həmrəyliyimizin daha bariz bir nümunəsidir, ölkəmizə və xalqımıza olan sevginin göstəricisidir. Bu festivalın ölkəmizdə ən yüksək səviyyədə təşkil edilməsi ölkələrimiz arasında digər sahələrlə yanaşı, texnologiya və aerokosmik sahələrdə də uğurlu iş birliyinin olmasını və olacağını göstərir. Burada gənc tədqiqatçıların və ixtiraçıların layihələrinin təqdimatı və dəstəklənməsi isə gələcəyimizə və dövlətlərimizin gələcək inkişafına olan ümidlərimizin özünü doğrultduğunu və davamlı olacağını ifadə edir. Yeniyetmə və gənclərimizin festivalda xüsusilə fəal iştirak etməsi və uğurlu təmsilçiliyi, müxtəlif istiqamətlər üzrə təqdim etdikləri layihələr bu sahələrin inkişafına mühüm töhfədir. İnanırıq ki, öz savadı, potensialı və istedadı ilə daim seçilən türk gəncliyi aerokosmik və texnologiya sahələrində də uğurlarını əzmlə davam etdirəcək və dünyadakı gücünü bir daha sübut edəcək.

Sözsüz ki, bu sahələrin inkişafı və gənclərimizin marağının olması dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlarla sıx bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 28 may tarixində Bakıda keçirilən festivalda çıxışı zamanı bir sıra tarixi, siyasi əhəmiyyətli məsələlərə toxundu. Dövlət başçısı 28 May Müstəqillik Günündə, məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə təşkil edilən festivalın əhəmiyyətini yüksək qiymətləndirərək, bu tarixi hadisənin birliyimizin və inkişafımızın təntənəsi olduğunu diqqətə çatdırdı. Azərbaycanla Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu, qardaş Türkiyənin Vətən müharibəsi zamanı, eləcə də bütün zamanlarda ölkəmizə və xalqımıza olan inamlı dəstəyindən bəhs etməsi isə millətimizin hər bir nümayəndəsinin ürəyindəki iftixarın və qürurun ifadəsi idi.

Azərbaycanın haqq uğrunda mübarizə apardığı bütün tarixi dövrlərdə, xüsusilə Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi, diplomatik və mənəvi dəstəyi əvəzsiz oldu. Dünyada aparılan bütün savaşlarda barışdırıcı missiyadan çıxış edən, özünün haqq səsini ucaldan Türkiyə bu dəfə də Azərbaycanın yanında oldu, ona dəstəyini əsirgəmədi. Bu həmrəylik və birlik dövlətimiz və xalqımız üçün olduqca böyük stimul idi. Dünyada bəzi ölkələr və beynəlxalq təşkilatlar tərəfindən aparılan ikilistandartlara qarşı mübarizədə haqlının yanında olmaq cəsarət tələb edir. Qardaş Türkiyə bu cəsarəti göstərərək bütün dünyaya Azərbaycanın yanında olduğunu sübut etdi. Bu birlik sözdə deyildi, əməldə idi və bütün dünya Azərbaycan-Türkiyə münasibətlərinin fonunda əsl qardaşlığın nə demək olduğunu gördü. Dünyada elə bir ikinci dövlət və xalq yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsun.

Bir sözlə, demək olar ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, müttəffiqlik, strateji tərəfdaşlıq əlaqələri dünya üçün əsl örnək nümunədir. Bu nümunə tarixən mövcud olub, bu gün də uğurla davam etdirilir. Sözsüz ki, bu əlaqələrin rəsmi müstəvidə daha da yaxınlaşdırılması, ən yüksək səviyyəyə çatdırılması dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın uzagörən siyasətinin nəticəsidir.

Bu gün bu əlaqələrimiz sürətlə inkişaf edir və bütün sahələri əhatə edir. Artıq Azərbaycan və Türkiyə əlaqələri təkcə siyasi, diplomatik müstəvidə deyil, bütün sahələr üzrə - hərbi, iqtisadi, sosial, mədəni və digər sahələrdə də qarşılıqlı maraq doğuran və dövlətlərimizin, xalqlarımızın inkişafına, milli maraqlarımızın, hədəflərimizin reallaşmasına yönəlik istiqamətində uğurla icra olunur.

Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və dirçəldilməsi işində Azərbaycanla çiyin-çiyinə çalşan qardaş Türkiyə şirkətləridir. Türkiyə dövlətinin və xalqının, eləcə də Türkiyənin bir çox şirkətinin Qarabağımızın abadlaşdırılması istiqamətində səylə çalışması bizləri daha da ruhlandırır.

Əminik ki, aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək, yeni-yeni regional və dünya miqyaslı layihələrin icrasında ölkələrimiz bundan sonra da əzmlə çalışacaq. Bu həmrəylimiz bizi daha da gücləndirəcək, əlaqələrimizi möhkəmləndirəcək, ölkələrimizin gələcək inkişafı üçün əsl lokomativ rolunu oynayacaq. Güc birlikədir deyib atalarımız. Bu birlik bizi daha da güclü edəcək, dostlarımıza xoşbəxtlik, düşmənlərimizə əsl göz dağı olacaq.

Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri