Azərbaycan regionda və dünyada davamlı sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır

Azərbaycan regionda və dünyada davamlı sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarıdırBu gün Azərbaycan regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması əlbəttə digər dövlətlərin Azərbaycana daha çox yaxınlaşmasının zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük zəfərlə çıxması, pademiya ilə bağlı çətinlikərə baxmayaraq duruş gətirməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru düzgün siyasətin və balanslı münasibətlərin nəticəsidir. Uzun illərdir ki, Litva ilə strateji tərəfdaşıq. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq bu əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

May ayının 18-də Prezident İlham Əliyev verdiyi bəyənat zamanı bildirdi ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Bunun üçün də buna tam imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.

Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Və Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur

Ermənistanın həmin prinsipləri qəbul etməsi və ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.

Cənab prezident bildirmişdir ki, artıq sərhədlərin delimitasiyası artıq başlanmıçdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır.

Lakin Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.

BMT Nizamnaməsinə əsasən ölkəmiz özünü müdafiə hüququndan tam yararlanaraq təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.

İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. İndi həmin ərazilərdə yenidənqurma işləri böyük vüsət alıb.

Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Prezident İlham Əliyev eləcə də həmin tarixdə keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı bildirdi ki, Ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.

Bu səbəbdən də Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Azərbaycanda biznes mühiti eləcə də investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektordur və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb.

Dövlət başçısı çıxışında onu da bildirdi ki, cari ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, burada artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir.

Azərbaycan əhalisinin sayı 10 milyona qədər artıb.
Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.
Bu gün Azərbaycan öz enerji təhlükəsizliyi ilə yanaşı Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.
Bu gün durum elədir ki, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.

Həmçinin artıq Azərbaycan artıq donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirilməsinə imkan verir. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Bütün bunlaer əlbəttə ki, Azərbaycanın doğru yolda olduğunu, tam şəkildə Qafqazda və regionda dayanaqlı sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsində maraqlı tərəf olduğunu sübut edir.

Pənah İmanov
Siyasi şərhçi