"Pandemiyadan sonrakı dövr kimi yeni münasibətlərin qurrulması artıq başlanılıb"
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər 2016-cı ilə kimi bir qədər gərgin keçsə də son 6 ildə aparılan uğurlu xarici siyasət və əməkdaşlığa verilən düzgün qiymət nəticəsində əlaqələr artan qrafik üzrə inkişaf etdi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vasif Əfəndi deyib.
Politoloqun fikrincə, 2016-cı ildə Aİ və Azərbaycan arasında ticarət dövriyyəsi qəflətən yarıbayarı azalaraq bir milyard dollara enmişdi: "Bu gün isə bu rəqəm 15 dəfə artaraq 15 milyard dollara çatıb. Azərbaycan Qarabağ siyasəti və müharibənin uğurlu nəticəsi Avropa İttifaqı ölkələrini cəsarətləndirərək ölkəmizə sərmaya yatırmağa sövq etdi. Hazırda Avropa İttifaqı üzv dövlətlərindən 1700 şirkət ölkəmizdə fəaliyyət göstərir. Bunun qarşılığında da Azərbaycan Aİ ilə etibarlılıq əsasında enerji ehtiyatlarının ixracını artırmaq niyyətindədir. Ukraynada gedən müharibənin nəticəsi olaraq Avropa ölkələri ciddi enerji qıtlığı ilə üzləşə biləcəklərinin fərqindədirlər. Aİ Şurasının prezidenti Şarl Mişel mütəmadi olaraq Azərbaycanla sıx əlaqə saxlamaqla münasibətlərin səviyyəsinin düşməməsinə çalışır. Azərbaycan Aİ ilə münasibətləri başlayan zamandan üzərinə götürdüyü enerji təhlükəsizliyi öhdəliyinə sadiqdir. Bu səbədən də Trans-Anadolu və Trans- Adriatik qaz boru kəmərləri Avropaya təhlükəsiz qaz ixracını həyata keçirir.
Dünya bazarında neft və qazın qiymətlərinin bahalaşması davam edəcək. Bu vəziyyətdə əldə olan resusların düzgün istiqamətlənməsi bizim həm xarici, həm də daxili siyasətimizin ana xəttini təşkil etməlidir. Hesab edirəm ki, pandemiyadan sonrakı dövr kimi yeni münasibətlərin qurrulması artıq başlanılıb. Növbəti mərhələ isə Rusiya Ukrayna müharibəsinin bitməsindən sonra başlayacaq və dünyada tam fərqli iqtisadi və siyasi münasibətlər qurulacaq. Biz gələcəyə hesablanmış strategiya quraraq yeni dünyada yerimizi tutmalıyıq".