"Türkiyə nəinki orta doğuda demək olar ki, bütün qitələrdə varlığını göstərməyə başladı"
Türkiyə müasir tarixinin ən yüksək tərəqqi dövrünü yaşamaqdadır. Atatürkdən sonra Türkiyədə ənənəvi olaraq demokratik dəyərlərə və Qərbə meyillik istiqamətində kurs götürmüş olsalar da iqtisadi və hərbi sahədə böyük nailiyyətlər əldə edə bilməmişdilər. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə siyasi həyatında ciddi dönüş yarandı.Türk tarixində ilk dəfə olaraq hakimiyyət bütünlüklə bir siyasi təşkilatın yönətiminə keçdi.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Vasif Əfəndi deyib.
Politoloqun fikrincə, hər iki ildən bir hökuməti formalaşdırmaq üçün razılığa gələ bilməyən siyasi qüvvələr parlamenti burxmaq məcburiyyətində qalırdılar: "Bu isə öz növbəsində ciddi siyasi və iqtisadi nailiyyətlərin qazanılmasına əngəl törədirdi. Ərdoğanın çox vektorlu siyasəti nəticəsində ordunu NATO-nun təsir dairəsindən çıxararaq hökumətə tam tabe etdirməsi Türkiyədə yeni eranın qapısını açdı. Türkiyə hərbi sənayesində bir sıçrayış baş verdi. Türkiyə nəinki orta doğuda demək olar ki, bütün qitələrdə varlığını göstərməyə başladı. Ərdoğanın son illər Türk dövlətlərini bir araya gətirmək üçün çalışmaları üçün Azərbaycanla münasibətlər xüsusi rol oynayır. Məhz bu iki dövlətin qardaşlıq münasibətləri və bir-birinə qarşı tam etibarlılıq nümayiş etdirilməsi digər türk dövlətləri ilə münsibətlərin qurulmasına yol açdı. Hazırda Türkiyə Orta Asiya dövlətləri ilə çox ciddi əməkdaşlıq qurulması istiqamətdə işlər aparılır".
Politoloq deyib ki, bu gün Türkiyədə Rize Artvin hava limanının açılışında İham Əliyevin inamla "Biz qardaşıq, müttəfiqik və bu qardaşlıq bizə atalarımızdan qalıb" deməsi iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunun bir daha sübutudur.