Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir
Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib.
“Biz buna hazırıq, indi top Ermənistandadır”, - H.Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistana əsas mesajı ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır: “Ermənistan buna hazırdırmı? Biz hazırıq”.
O, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini qeyd edib. “Biz artıq bu prosesin yaxın vaxtlarda başlayacağı ilə bağlı müəyyən siqnallar alırıq”, - H.Hacıyev əlavə edib.
“Danışıqlarda digər mühüm məqam kommunikasiyaların açılmasıdır. Orta dəhliz yeni reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bunun bir hissəsi ola bilərmi? Əlbəttə ki, hə. Amma biz Ermənistanın qərar verməsini gözləyə bilmərik, ona görə də Azərbaycan İranla danışıqlar aparıb və paralel nəqliyyat marşrutunun qurulması imkanları barədə razılığa gəlib”, - prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyev onu da xatırladıb ki, Azərbaycan həmçinin regional “3+3” formatının inkişafını da təklif edib.
O, Qarabağın erməni əhalisi ilə bağlı məsələyə də toxunaraq Azərbaycanın onları öz vətəndaşı hesab etdiyini söyləyib: “Biz Xankəndi sakinlərini Azərbaycan vətəndaşları hesab edirik. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, bütün dini məbədlər qorunub saxlanılır, amma işğal illərində yüzlərlə məscid dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib”.