Baydenin ifadəsində xristian həmrəyliyi gizlənir
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı fikirlərinə dair Bəyanat qəbul edib. Bəyanatda deyilir:
"Aprelin 24-də, dünya erməniliyinin qondarma "erməni soyqırımının anım günü"nü qeyd etdiyi gün Co Bayden müraciətində "erməni soyqırımı" adlandıran ilk ABŞ prezidentidir. Bu açıqlama Baydenin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında ermənilərə verdiyi vədlərdə yer almışdı.
Türkiyə son 10 ildə regionun əsas oyunçusuna çevrilib və müstəqil siyasətini qoruyub saxlaya bilib. Bu gün regionda siyasi-iqtisadi problemlər Türkiyəsız həll oluna bilməz. Türkiyənin regionda artan nüfuzunu bəzi Avropa ölkələri, o cümlədən ABŞ həzm edə bilmir. Eləcə də, Türkiyənin Qarabağ məsələsində qəti mövqeyi də bu ölkələr tərəfindən müsbət qəbul olunmur. Digər tərəfdən Rusiya ilə əlaqələrin genişlənməsi və dərinləşməsi bu ölkələri qıcıqlandırır.
ALDP olaraq hesab edirik ki, Baydenin bu bəyanatın əsasında xristian həmrəyliyi nümayiş olunur.
ALDP hesab edir ki, biz milli birliyimizi türk və müsəlman dövlətləri ilə birlikdə qorumalıyıq. İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Şurası təcili olaraq toplanmalı və qondarma “erməni soyqırımı”nı pisləyərək Türkiyəyə dəstək bəyanat verməlidirlər.
ALDP olaraq bir daha qeyd edirik ki, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi həqiqətlərin təhrif olunmasıdır və heç bir sübutu olmayan tarixi hadisələrə indiki həssas məqamda qiymət verməyə cəhd göstərmək səhv addımdır.
ALDP hesab edir ki, biz qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün birgə səylə çalışmalıyıq”.