Putini fakt qarşısında qoymaq lazımdır - Rəsul Quliyev
Putinin Ukraynanı işğal etmək cəhdi bir sıra ölkələrdə gərginlik yaradıb. Avstriyanın konsleri Moskvada Putinlə görüşəndən sonra verdiyi intervyuda dedi: “O müasir həyatla yox, özü üçün yaratdığı dünyada yaşayır. Çox təhlükəli adamdır!”
Avrasiya.net xəbər verir ki, bunu eks spiker Rəsul Quliyev sosial səhifəsində yazıb.
R.Qukiyev daha sonra qeyd edib:
Bu həqiqətən də belədir. Bu adam Ukraynanı işğal edəcəyinə inanır. Baxmayaraq ki, bu heç vaxt baş verməyəcək! Əlavə 100 mində dinc insan öldürəcək, ancaq qorxusundan Ukrayna Silahlı Qüvvələri ilə üz-üzə vuruşmaqdan çəkinəcək. Qısası, ağlını itirmiş bu adam Sovet dövründə istehsal edilmiş raketləri hara gəldi atacaq…
Əgər Putin Ukraynanı işğal etsə ətrafındakı bütün respublikalara ultimatum verəcək. Bu müharibə gedə-gedə də ultimatum verə bilər.
Artıq bütün dünya Rus ordusunun dünyanın nəinki 2-ci heç 30-cu orduda olmadığını başa düşür. Sözsüz Polşa, Türkiyə və başqaları da bunu bilir. Bədbəxtlik Putinin hələ də Rus ordusunun dünyanın 2-ci ordusu olduğuna özünü inandırmasıdır. Çünki o, real dünyada yox, özünün yaratdığı dünyada yaşayır!
Mən hərdən Rusiya Federasiyasının informasiya vasitələrinə, TV və qəzetlərinə baxıram. Mən heç vaxt ağ yalan üzərində qurulmuş bu səviyyədə iyrənc verilişlərə, yazılara rast gəlməmişəm.
Bütün bunların fonunda Azərbaycanın Ermənistanla Brüseldə imzaladağı üç tərəfli sənədin həyata keçməsinə Putin mane olur. İndi Putin Paşinyanı heç şübhəsiz ki, Moskvaya çağırıb hədələyəcək, o müqaviləyə qol çəkməyin Ermənistan üçün ağır nəticələr verəcəyini deyəcək, təhdid edəcək. Paşinyanın da Azərbaycanla məlum müqaviləyə imza atmaması ölkəsini çox ağır vəziyyətə salmış olacaq.
Azərbaycanın mövcud vəziyyəti heç şübhəsiz ki, yaxşıdır. Çünki hərbi potensialı qat-qat yüksək olan Türkiyə Azərbaycanın dostu, qardaşı və müttəfiqidir. Ermənistan təcili Türkiyə ilə də müqavilə bağlamalıdır.
Əlbəttə ki, ölkəsinin taleyini Putin Rusiyasına bağlamaq ən böyük ağılsızlıq olardı. İnanıram ki, Paşinyan bunu dərk edir. Paşinyanın Putinə nifrət etdiyi heç kimə sirr deyil. Ancaq daxildəki rusistlərdən qorxur. Elə buna görədə Türkiyə ilə sazişə yaxın düşmür…
Əminəm ki, Azərbaycan qorxulu cərəyanların dünyada getdiyi indiki vəziyyətdən də qalib çıxacaq. Hesab edirəm ki, lazım olan sülh sazişini imzalayaraq Putini fakt qarşısında qoymaq lazımdır.